Venesuelada futbol meydançasında görünməmiş hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, ölkə klublarından “Karabobo”nun futbolçusu Aquiles Okanto oyundan sonra müsahibə verib. Futbolçu bu zaman qəflətən bir azarkeşin hücumuna məruz qalıb.
Canlı yayım əsnasında futbolçuya kürəyindən təpik vuran klub tərəfdarı etirazını bu cür bildirib. Matçın 0:0 hesabı ilə bitməsinin günahını hücumçuda görən azarkeş tullanaraq təpiklə futbolçunu yerə sərib.
“Karabobo” klubu hadisə ilə bağlı sosial şəbəkədən açıqlama yayıblar. Rəsmi məlumatda qeyd edilir ki, “Hücuma məruz qalmış futbolçu Aquiles Okantonun vəziyyəti yaxşıdır. Onun səhhətində heç bir problem yoxdur. Bu cür hərəkətləri şiddətlə qınayırıq”, – deyə şərhdə vurğulanıb.