Göyçay rayonunda gənclər arasında baş verən dava qan tökülməsi ilə nəticələnib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çaxırlı kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü Məmmədov Elşən Sədiyar oğlu qonşusu, 1993-cü il təvəllüdlü Əliyev Rahib Yaşar oğlunu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı bıçaqlayıb. Ürək, boğaz və qarın nahiyələrindən 3 bıçaq xəsarəti alan Rahib Əliyev hadisə yerində ölüb.
Məlumata görə, Elşən Məmmədov Rahib Əliyevi sevdiyi qıza görə öldürüb. Gənclərin hər ikisi subay olub və onlar bir qızı sevirmiş.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.