Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (Meşə və Gəmi Səfərləri Nazirliyi də deyə bilərik – Z.H.) hava proqnozları idarəsində bu yaxınlarda dəyişiklik olub, uca millətimizin sevimlisi Umayra Tağıyeva işdən çıxarılıb. Doğrudan da Umayra xanımın sakit və həlim səsi, sanki qədim dastanlarımızdan çıxmış siması insanlara xoş ovqat gətirirdi. Umayra xanım danışanda hava düzəlirdi, buludlar dağılırdı, Günəş çıxırdı. Bəlkə də ortalıqda elə bir sirr yox idi, sadəcə biz “efirlərdə” o qədər həyasız sifətlər görmüşük ki, orda istənilən normal qadın bizdə heyranlıq doğurur.
Yeri gəlmişkən, mən qəsdən “efirlər” sözünü dırnaqda yazdım. Kimsə bizim debil, dörd illik rus-tatar məktəbini ikinci sinifə qədər oxumuş telekanalizasiya zəhmətkeşlərinə izah etsin ki, efir bir dənədir, bütün elektromaqnit dalğaları eyni hipotetik efir məkanında yayılır, orda NZS TV-nin ayrı, XerebTV-nin ayrı efiri yoxdur və öz mənasız verilişlərində cəm şəklində “efirlər” deməsinlər.
Hətta mən ötən illərdə Umayra Tağıyeva haqda yarızarafat bir ifadə yazmışdım, bunun üstündə az qalmışdılar məni evdə öldürsünlər: “Azərbaycanda həmişə həqiqəti danışan yeganə qadın hava məlumatını oxuyan qadındır”. Hidrometeorologiya şəhidi olaraq tarixə düşmək şansım var idi.
Nə isə, hər halda adam işdən çıxarılıb, bütün versiyalara baxmayaraq – misal üçün, deyirlər hava proqnozunu düz verməyib – özü könüllü işdən çıxdığını söyləyir. Mənə bu hadisədə səslənən bir söz çox maraqlı gəldi: nisbi rütubətlilik. Qəzetdə yazmışdılar ki, Umayra Tağıyeva 2015-ci ilin yanvarında məhz nisbi rütubətlilik haqda xəbəri hava proqnozuna düzgün hesablayıb yerləşdirmədiyi üçün ekologiya nazirinin qəzəbinə gəlibdir.
Yaltaqlığı Antarktida buzlaqlarına və Kilimancaronun qurdlu zirvəsinə qədər aparmış adamla mübarizə, əlbəttə, çətindir. Amma bu nisbi rütubətlilik uca millətimiz üçün nədən belə önəmli olub qəfildən? Adından göründüyü kimi, heç mütləq rütubətlilik də deyil.
İlk baxışdan belədir. Mənim hava proqnozları, atmosfer fizikası haqda biliklərim Səyavuş Novruzovun hüquq elmindən savadı qədər olar, ya olmaz, mən də sizin kimi. Ümumiyyətlə, bu məsələ, yəni, Azərbaycan xalqının hava proqnozuna münasibəti hələ 30 il qabaqkı kinoda dəqiq göstərilib: “Bir yağış yağacaq ki, tut ucundan çıx göyə”. Vəssalam. Qısa, konkret. Yoxsa seyrək bulud elə gəldi, atmosfer təzyiqi belə getdi… Bizim ölkədə azadlıq və demokratiya vardır, bizə atmosfer heç bir təzyiq göstərə bilməz! Buna görə cənab prezidentə minnətdarıq – bütün Binəqədi qaz işçiləri də bu təbrikə qoşulur.
Ancaq yazdığım kimi, ilk baxışdan önəmsiz görünən nisbi rütubətlilik, sən demə, hava proqnozunda çox önəmli imiş. Çünki havada olan su buxarının miqdarını göstərir. Loru dildə yazsaq, buxar çox olanda, hava isə soyuq olanda bu su buxarı enir aşağı, nə alınır? Ay sağ olasan, duman! Duman isə bir çox fəlakətlərə səbəb ola bilər. İnsanlar yollarını azarlar, xarici qara qüvvələrin yanına gedib çıxarlar. Məscid yerinə meyxanaya gedərlər. Parlament yerinə şadlıq sarayına girərlər. Kitab oxumaq əvəzinə qumar oynayarlar. Məktəbə getməyib kanala yıxılıb ölərlər. Və sairə və ilaxır.
Gördüyünüz kimi, nisbi rütubət əslində çox vacib bir şeydir. (Hətta yaxşı nisbi rütubət vəd edən adamı deputat qoymaq olar).
Yazını da elə bir ekologiya problemi ilə bitirmək istərdim. Bakı şəhəri, H.Seyidzadə küçəsi, 30A ünvanlı binada yaşayan insanlar yazırlar ki, onların həyətindəki ağacları amansızlıqla qırırlar: “Hər yerə şikayət yazdıq, PA, Nəsimi İH, ETSN, FHN, hətta ombudsmana da. Ancaq heç bir xeyri olmadı. Yalnız ağac qırma əməliyyatları arada sakitləşirdi. Təzəlikcə gəlib 16 şam ağacını da kəsdilər. Düşünürük ki, yəqin bu da bizim şikayətlərə cavab idi”.
Məktubu bir həftədən çox olar almışam, üzrlü saysınlar ki, gec çap elədim. Ümid edirəm bu ötən həftədə həyətdə bir-iki kol qalmışdır. Çünki ağaclar havanın nisbi rütubətliliyini tənzimləməyə böyük təsir edirlər. Ağac işçi deyil ki, onu çıxardasan, təsiri olmaya. Təsiri pis olur.