Bu qadın dünən məhkum idi, bu gün keçmiş məhkumdur. Ancaq gənc, 25 yaşlı qadın dünən də anaydı, bu gün də anadır.
Onun adı Güneldir, əfv sərəncamında adı olub, azadlığına qovuşub və dərhal da balasının yanına qaçır.
Məhbəsin dəmir qapıları onun üçün böyük maneəydi, 11 aydır ayrı qaldığı övladıyla onun arasında keçilməz sədd idi. Bu gün o qapı açılıb. Artıq heç kəs onu saxlaya bilməz.
Suçu nəymiş, nəyə görə həbs edilibmiş – bir kimsəyə maraqlı deyil. Əsas odur ki, körpə övladından aralı düşmüş gənc ananın balasına qovuşmasına az qalıb.
Bu sətirlərin yazıldığı, oxunduğu anda o, yavrusunun yanındadır, öpür, qoxulayır, sinəsinə sıxır, ondan ayrı keçmiş günlərindəki balasızlıq acısını kompensasiya etməyə çalışır.
Gerçəkdən də düz deyirlər, türmə qadınlar üçün deyil. Bir kişi türmədən çıxan kimi qaçmazdı – nə balasının, nə də anasının yanına. Özünü tox, təmkinli aparardı.
Amma bu sinəsində bala təşnəsi daşıyan anadır. Onun hara, nəyə qaçdığını hamı bilir, heç kəs qınamır, hər kəs təsirlənir və alqışlayır.
Bir ana belə olmalıdır. Bir də balasını fikirləşən ana belə yerlərdə olmamalıdır. Qoy Günel bir də heç vaxt doğma balasından ayrı qalmasın.