Biz də qrant alırıq. Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu Qarabağ həqiqətləri mövzusunda yazılan və “Yeni Müsavat”da dərc olunan yazıları maliyyələşdirir və bu, qəzetin ayaq üstə qalmasına yardımçı olur. Həmin qrant layihəsinə daxil olan vəsaitin necə xərcləndiyi barədə də KİV DDF-yə vaxtaşırı hesabat verilir. Zatən, görülən iş göz önündədir – yazılar fasilə olmadan qəzetdə dərc olunur.
KİV DDF-dən ölkədəki ciddi media qurumlarının hamısı bu cür vəsaitlər alırlar. Onların içində qeyri-ciddi media qurumları da var, eyni zamanda özlərini “ölkənin yeganə cəsarətli və müxalifət qəzeti” adlandıranlar da, günortadan sonra dissidentlik eşqinə düşənlər də. Onlar da bu pulları həvəslə alırlar, daha necə xərcləyirlər, xərcləmirlər, üstündən ayırıb kimə əl tuturlar, tutmurlar, özləri bilərlər.
Ancaq söz-sözü gətirəndə nəyə görəsə “hökumətdən pul almaq” töhməti “Yeni Müsavat”ın üstündə qalır. Özü də çox vaxt bu ittiham elə həmin hökumətin həmin fondundan bizim qədər pul alan qəzetdə yer alır. Bu necə olur: bizim aldığımız çirkli pullardır, sizin aldığınız halal pullar? Və bu, bizə töhmətdir, sizə şərəf?
(Həm də KİV DDF-nin media qurumlarına verdiyi pul vəsaiti hakimiyyətin, hakim partiyanın, YAP-ın pulu deyil, birlikdə müstəqil olması üçün əlləşdiyimiz, min bir əziyyətlər, qurbanlar bahasına qurduğumuz dövlətin puludur, sadəcə, həmin vəsaitin sərəncamçısı hələlik Əliyev iqtdarıdır).
Bir bu deyil. Dövlət ötən il iqtidarın sərəncamında olan, müxalifətə yaxınlığı ilə tanınan, müstəqil fəaliyyət göstərən mətbuat orqanlarında çalışan jurnalistlərə təmənnasız ev payladı. Onların sırasında bizim qəzetdə çalışan iki nəfər də vardı (bir sabiq işçimizə isə ev Mətbuat Şurasının xətti ilə qismət olmuşdu). Yenə özünü ölkənin yeganə müxalifət qəzeti adlandıran media qurumunun əməkdaşları da hakimiyyət tərəfindən verilən həmin evdən imtina etmədilər, aldılar və içində asudə yaşayırlar.
Amma nəyə görəsə həmin evlər bizim başımızın töhmətidir (söz sözü gətirən kimi üzümüzə çırpılır: “rejimdən ev aldılar”), onlar isə həmin evdə yaşaya-yaşaya dissident, “radikal müxalifət” olaraq qalırlar. Məntiq varmı? Bəlkə də var, amma bu cığal adamın məntiqindən başqa bir şey ola bilməz.
Bu ölkənin ən məntiqsiz, hətta ən absurd iddialarından biri də başqa-başqa dövlətlərdən, şübhəli-şübhəli fondlardan (onların içində təbii ki, şəffaf və xoşməramlı donor təşkilatları da var) qrant alanların öz ölkəsinin dövlətindən (KİV DDF, Mətbuat Şurası, QHT Şurası və s.) qrant alanları ittiham etməsidir. Şüarları da çox sərtdir: “Siz rejimə işləyirsiniz, yaltaqlıq edirsiniz”.
Folklorumuzda bu durumu gözəl izah edən və el arasında hələ də işlədilən bir kəlam var: “Oynaşdan gəlib ər başı yarmaq”. Öz qəbahətlərini bilib dillərini dinməz qoymaq əvəzinə at kimi adamın üstünə kükrəyirlər.
Sanki özləri pul verənlərə işləmir və yaltaqlıq etmirlər. Batum forumundakı qalmaqal, başqalarının işlətdiyi bir kəlmə sözün (“ermənipərəst”) qəzetdə yer almasına görə Rauf Arifoğlunun və “Yeni Müsavat”ın üzərinə təşkil edilən hücum göstərdi ki, onlar aşırı canfəşanlıqla həmin təşkilatın müdafiəsinə qalxaraq öz həmvətənlərini belə boğazlamağa hazırdırlar. Bəs o təşkilatdan gələn qrant kəsilsə, necə olacaq? Yenə də onun müdafiəsinə qalxacaqlarmı? Yoxsa hücum edən tərəf özləri olacaq? Güman ki, ikinci olacaq. O zaman o təşkilatın “insan haqları uğrunda gördüyü işlər, siyasi məhbusların azadlığı üçün çəkdikləri əziyyət” unudulacaq.
Bu, gerçəkdən də psixiatryiya elminin öyrəndiyi xəstəlik növünə xas durumdur. Daima başqalarından şübhələnmək, hər şeydə gizli bağlılıqlar, konspirasiya axtarmaq, baş verən heç nəyin adi hərəkət olduğuna, təsadüfən alındığına inanmamaq, hər deyilən sözü “sənə dil verən var, Züleyxa” ritorikası ilə izah etmək və sair bu sayaq xroniki şəkkaklıqlar bir-birinə qarışmış maniyaların insanlara kütləvi sirayətinin nəticəsidir.
Bunun günahı mövcud hakimiyyətdədir. Rejim insanları o qədər təqib etdi, o qədər sıxdı, o qədər aldı-satdı ki, indi bir çoxları təqibolunma və özünüböyütmə maniyasından əziyyət çəkirlər.