Sovet dövrünün ən məşhur filmlərindən biri olan “Birliyant əl”-in çəkilişləri Bakı şəhərində də baş tutub. Baş rolun ifaçısı Yuri Nikulin və Andrey Mironovun Bakıda çəkilişlərinə aid yerlər bu günə qədər qalmaqdadır. Xüsusilə İçərişəhərdə Yuri Nikulinin “Lənət şeytana” (“Черт побери”) ifadəsi səslənən və qoluna daş qaşlar sarılan yer indi də ən çox ziyarət edilən məkanlardan biridir.
Filmdə epizodik olsa da bir rolun ifaçısı Bakının məşhur yol tənzimləyicisi kimi xidmət edən Qurban Əhməd oğlu Mazanov idi.
1970-ciilin əvvəllərində Bakıda yol tənzimləyicisi işləyən Qurban Mazanovu demək olar ki, hamı tanıyırdı. Hər gün yüzlərlə insan onun işini izləyirdi. Milis işçisində bu ustadlığa hamı həsəd aparırdı. Onu “yolun drijoru”, “aktyor-milisioner” adlandırırdılar.
Onun bu qeyri-adi bacarığı “Moskva axşamı (“Вечерняя Москва”) qəzetində də dərc edilmiş və mətbuat orqanında Moskva nizamlayıcılarına Qurbanın bu ustalığından öyrənmək tövsiyə olunmuşdu.
Bu sahədə işlədiyi iyirmi il ərzində, onun mükafatları çox idi. Onun haqqında hətta keçmiş SSRİ-də məşhur olan “Oqonyok” jurnalında da məqalə dərc olunmuşdu. Bəs necə oldu ki, o, məşhur “rejissor” Qaydayın diqqətini cəlb edə bildi?
Bakıda “Birliyant əl” filminin çəkilişləri başlayanda İçərişəhərdə qonaq olan rejissordan yerli sakinlərin bir xahişi olur. “Qayday filmində Bakılıların sevimlisi olan Qurban kişiyə kiçik də olsa rol versin”.
Qayday onun xidmət etdiyi əraziyə gəlib Qurban Mazanovu avtomobildə oturub izləyir. Kiçik uşaqların və yerli sakinlərin sevərək “Qurban dayı” deməsi onun xoşuna gəlir. Ssenaridə belə bir şey yox idi, amma rejissorun öz filmində Qurban Mazanovu harada və necə çəkəcəyi barədə kortəbii fikir yaranır. Ssenariyə belə bir səhnə əlavə edilir: “Şəhərin bu küçəsində, Şərq ölkəsi olduğu üçün maşın, piyada, eşşək, dəvə qarmaqarışıqlığı yaranırdı və bu yol nəzarətçisi nəqliyyata o qədər məharətlə nəzarət edirdi ki, hətta eşşəklər, dəvələr də ona tabe olurdu”.
Qurban Mazanov yol nəzarətçisi kimi məharəti ilə yanaşı, heyrətamiz görünüşə, artistliyə və parlaq xarizmaya malik idi. Buna görə də təəccüblü deyil ki, Qayday filmindəki uğurlu film debütündən sonra Mazanov daha üç filmdə rol alıb. Rejissor ilə kiçik epizodik rolların ifaçısı Qurban Mazanov arasında dostluq əlaqəsi də yaranıb. Bu xarizmalı Göyçəli balası (Göyçə mahalının Çəmbərək rayonunun Cil kəndində anadan olub) ilə Qayday arasında xoş bir zarafat münasibəti də yaranır.
Pensiya yaşına çatana kimi öz vəzifəsini icra edən Mazanov deyilənə görə Heydər Əliyevin də diqqətini cəlb edibmiş. Məhz bu xidmətlərini nəzərə alaraq Heydər Əliyev ona pensiyaya çıxanda leytenant rütbəsi də təqdim edib.
O, 2011-ci ildə Bakı şəhərində vəfat edib.
Zaur ƏLİYEV, dosent