İnsan övladı “Homo sapiens” adı ilə tanınandan indiyə qədər hər cəhdlə dünya sirlərini anlamağa cəhd edib, bütün dünyanı öz məntiqi içərisinə sığdırmağa çalışıb. Amma, XIX əsrin sonları, XX əsrin əvvəllərindən başlayaraq (elmin güclü inkişafı nəticəsində) insan məntiqiylə dünya məntiqi “kələ-kəlləyə” gəlib, dünya məntiqinin insan üçün anlaşılmaz olduğu ortaya çıxıb, hər dəfə dünya “istehzayla gülümsəyərək”, insanı yenidən fikir odasına “göndərib!” (“Xub, get sən də fikirləş. – “Ölülər” əsərindən.)
Doğrudur, əvvəllər hansı svilizasiyaların olmasına dair xeyli faktlar ortada olsa da, 8-20 metr hündürlüyündə Allah-adamlar Yerdə yaşayıblarmı, izahını tapa bilmədiyimiz nəhəng, qeyri-adi tikililəri necə tikiblər, yaxud, özləri haradan gəliblər və sairi dəqiq bilməsək də, insan düşüncəsi ilə dünya məntiqi qarşıdurması davam etməkdədir.
Hər yerində ədalət, olmuş və olacaqlar arasında qanunauyğunluq axtarılan bu dünyanın işlərini məhz bu baxımdan araşdırmağa çalışanlardan biri də – İtalyan iqtisadçı alimi Vilfredo Paredo (1848-1923) olub. O, 1897-ci ildə təhlillərinin nəticəsi olaraq heyrətləndirici bir qanunauyğunluğu aşkar edib. V.Paredonun bu kəşfi inkişaf etmiş ölkələrdə, xüsusən ABŞ, İngiltərə, Almaniya və Yaponiyada demək olar ki, bütün sahələrdə nəzərə alınır. Həmin kəşf “Paredo prinsipi” (yaxud, 80/20 prinsipi) adlanır.
V.Paredo aydınlaşdırıb ki, İtaliyada torpaqların 80%-i məhz əhalinin 20%-nə məxsusdur. Eyni zamanda, əhalinin 20%-nin işinin səmərəliliyi, o biri 80% əhalinin də ayaqda qalmasını təmin etmək üçündür. Ölkədəki uşaqların yalnız 20%-i təhsil imkanlarının 80%-indən yararlanır. Böyük istehsalçı müəssisələrin mallarının 80%-ini ancaq stabil müştərilərin 20%-i gəlib götürürlər. Məhsul çeşidlərinin 20%-i gəlirin 80%-ini təmin edir. Marketinqlərdə müştəri axtaran menecerlərin cəhdlərinin 80%-i səmərəsiz olur. Amma, onların tapdıqları müştərilərin 20%-i satış üçün nəzərdə tutulmuş malların 80%-ini alırlar.
V.Pareto, daha sonra İngiltərə iqtisadiyyatını və həyat tərzini araşdırmağa başlayıb, orada da eyni mənzərə ortaya çıxıb. İngiltərəyə aid araşdırmada o da məlum olub ki, bu minvalla, həmin 20%-in 10%-i material dəyərlərinin 65%-inə, 5%-i isə 50%-inə sahibdirlər. Sonralar məlum olub ki, bu müəmma, bu ədalətsiz disbalans bütün ölkələrə, dünyanın hər tərəfinə və hər şeyinə aiddir. (Doğrudur, faiz nisbəti bir az dəyişən sahələr də var, məs. 85/15 və s.) Nəhayət, V. Paredo bu qənaətə gəlib ki, iqtisadi hadisələrin gedişatında məntiqdən deyil, riyazi metodlardan istifadə edilməlidir.
Daxiliyanma mühəriklərinin (maşın motorunun) enerjisinin 80%-i itkiyə (daxildəki çarxların hərəkətə gətirilməsinə, yanacağın sorulmasına, təzyiq altında sıxılıb slindirə püsgürdülməsinə, istilik ayrılmasına, yanmış qazın bayıra atılmasına və s.) gedir. Bu enerjinin (və yanacağın) yalnız 20%-i təkərlərin fırlanmasının 100%- lik işini təmin edir. Ən istedadlı insanlar da yaradıcılıqlarının yalnız 20%-i ilə daha populyar olurlar. Yaradıcı insanın (yaxud ustanın) iş otağındakı, masasının üstündəki səliqəsizlik ondan irəli gəlir ki, ona lazım olan materialların ancaq 20%-indən istifadə edə bilir, qalan 80% əl altında (səliqəsiz) qalır.
İş bilən katibələr çoxdan bu qənaətdədirlər ki, tez-tez istifadə olunan sənədləri və qanunları yerinə tikmək lazım deyil, umumi işin 80%-i məhz 20%-lik sənəd və qanunlarla bağlıdır. Dünya maliyyə rıçaqlarının da 80%-i əhalinin 20%-inin əlindədir. Sevərək evlənənlərin ancaq 20%-i xoşbəxt olur, 80%-in içindəki 20% isə (yəni 16 %) təəssüf ki, hətta bədbəxt olurlar. Yol-nəqliyyat hadisələrinin 80%-ini sürücülərin 20%-i törədirlər. Dünya dövlətlərinin də 20%-i ən inkişaf etmış dövlətlərdir (Böyük 20-lik sammiti). İnsanın 100 illik ömründə, əsasən 20 il daha səmərəli və hadisələrin 20%-i daha yadda qalan olur. Yaranışların, nəticələrin 80%-nə 20% səbəbkardır.
Bu gün mütləq görməli olduğumuz 10 işdən, ancaq 2-si ən vacibidir. Qadınlar nə qədər çox pal-paltar, qab-qacaq alsalar da onların (əsasən) 20%-indən istifadə edirlər. Evdəki xalçanın ancaq 20%-i ayaq altına sərilir. Dünyadakı baxışların, nəzəriyyələrin, səmərələşdirici təkliflərin də 100-də 80-i əhalinin 20%-i tərəfindən irəli sürülür. Ömrümüzün də 80%-ini sadəcə “xərcləyirik”. “Google”, eləcə də böyük şirkətlər Paredo prinsipindən səmərəli istifadə edərək böyük pullar qazanırlar. Bizim də “Facebook”da keçirdiyimiz vaxtın 80%- i səmərəsizdır.
Alimlər bu qənaətdədirlər ki, dünya resursları, maddi sərvətlər, pullar bütün dünya əhalisi arasında ədalətli şəkildə bölüşdürülərsə, uzağı 20 ilə yenə bu günkü mənzərə yaranacaqdır! Dünyanın sirli, çəlpəşik qanunlarına hökm edə bilməmək bir yana, hələlik insan əldə olunmuş postulatları da izah edə bilmir. Zirf qanunu kimi, Pareto qanunu da dünyanın müvazinət xarakterinin optimallığını ortaya çıxarmağa çalışır. Lakin dünyanın əsas sirlərindən biri olaraq qalır. İnsanla dünya arasındakı bu məntiqsizliyi, insan ağlının quruluşuna görə və bizim üçölçülü vəza varlıqları olmağımızla əlaqələndirilərəkdən izah etməyə çalışanlar var. Amma, hələlik…
İnsan məntiqi bir onun ümidinə qalıb ki, hər sahədə (təsadüf adlandırdıqlarımızda da, fərqinə varıb, varmadığımızda da) riyazi bir nizam var. Bizim riyazi məntiqimiz isə, nə yazıq ki, dünyanın riyazi məntiqi ilə yarışda hələlik mat vəziyyətindədir. Hər iki qanun ( Zipf və Paredo qanunu) biz insanlara onu da diktə edir ki, – Maksimalist olmayın! Maksimalistlik səmərələliyi, həyat keyfiyyətini aşağı salır.
Mahir BAYRAM