Son günlər ölkənin bir sıra mağazalarında satışda olan dondurmaların satışına qadağa qoyulub.
Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bir sıra mağazalarda yoxlamalar keçirib.
Monitorinq çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.
Uyğunsuzluq aşkarlanan dondurma məhsulları aşağıdakılardır:
- “Rich S.A” MMC-nin istehsalı olan “İçərişəhər” əmtəə nişanlı vanilli plombir dondurma, “Soyuq” əmtəə nişanlı südlü-kakaolu dondurma, “Soyuq” əmtəə nişanlı südlü-çiyələkli dondurma, “İCE Dream” əmtəə nişanlı dondurma, “Yolka” əmtəə nişanlı dondurma;
- Fiziki şəxs Səringül Kərəm qızı Yusubova tərəfindən istehsal olunan “Selena” əmtəə nişanlı qlobus eskimo vanilli 12%-li plombir dondurma, “Zoluşka” əmtəə nişanlı dondurma, “Selena” əmtəə nişanlı çiyələkli dondurma;
- “Camal” LTD-nin istehsalı olan “Qoşa Qapı” əmtəə nişanlı dondurma;
- Fiziki şəxs Müzəffər Müslüm oğlu Poladov tərəfindən istehsal olunan “Naturalika” əmtəə nişanlı dondurma.
Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Referans.az-a açıqlamasında mövzu ilə bağlı danışıb.
“Bildiyimiz kimi dondurma süd məhsuludur və süd də heyvan mənşəli qidadır. Buna görə də mütləq şəkildə burada istifadə olunan süd keyfiyyətli, sağlam heyvandan əldə olunmalıdır. Eyni zamanda mütəq şəkildə südün əldə edilməsi zamanı südün sağılması, saxlanılması, daşınması, bütün proseslər sanitar gigiyena normalarına əməl olunmalıdır. Əks halda, təbii ki, zülal mənşəli olduğuna görə daha tez xarab olmağa meyillidir. Dondurmanın tərkibində mikroorqanizmlərin çoxalması, insan sağlamlığına zərər vuran bir çox maddələrə yol açması gələcəkdə qarşısı alınmaz problemlərlə nəticələnə bilər. Dondurmanın tərkibində olan qaymaq, yağ kimi digər heyvan mənşəli maddələrin də keyfiyyətinə xüsusi fikir vermək lazımdır. Bəzən süd əvəzinə quru süddən istifadə olunur ki, bu da bir çox sağlamlıq problemlərinə yol aça bilər. Xüsusilə, həssas, xroniki xəstəliyi olan insanlarda həzm sisteminin pozulması, bağırsaq mikroflorasının dəyişməsi və nəticədə immun sisteminin aşağı düşməsi ilə nəticələnə bilər”.
Ekspert bildirib ki, monitorinqlər zamanı dondurmaların tərkibində aşkar olunan bakteriyalar hər biri insan orqanizmində ciddi xəstəliklərə gətirib çıxara biləcək səviyyədədirlər. Bu bakteriyaların səbəb ola biləcəyi xəstəliklər əsasən, iltihabi xəstəliklərdir. Həmçinin tənəffüs yollarının xəstəlikləri, böyrək xəstəlikləri də bu qəbildəndir.
“Bu formada monitorinqlərin keçirilməsi və monitorinq nəticələrinin ictimaiyyətə çatdırılması olduqca təqdirəlayiq haldır. Eyni zamanda belə məhsulların satışdan geri çağırılması və s. bu kimi insanlarda suallara aydınlıq gətirilməsi də yaxşı ola bilər”.
Ekspert qeyd edib ki, ümumiyyətlə, keyfiyyətli dondurma süd, yağ və qaymaqdan ibarət olmalıdır. Əlavə olaraq, dadlandırıcı kimi şəkərdən, baldan, bəzən isə çərəzlərdən istifadə oluna bilər. Eyni zamanda vətəndaşlar paketli dondurmaları alarkən istehsal və son istifadə tarixlərinə, tərkib inqridiyentlərinə xüsusi diqqət etməlidirlər.