Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün hökumətin iclasını keçirib. O, iclasda bir sıra məsələlərdən, o cümlədən delimitasiya prosesindən danışıb. Erməni hökumət başçısı konkret olaraq deyib ki, Azərbaycanın bütün tələblərini yerinə yetirəcək.
Maraqlıdır, N.Paşinyan sözdə olduğu qədər əməldə də konkretlik, qətiyyət nümayiş etdirə biləcəkmi? Onun qətiyyətli açıqlaması və buna uyğun olaraq atacağı addımlar qarşıdakı aylarda sülh sazişinin imzalanması ilə yekunlaşarmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Azər Qasımov bildirib ki, Ermənistanın Azərbaycana qarşı ata biləcəyi hansısa addım, İrəvana divident gətirəcək bir çıxış yolu qalmayıb.
Siyasi şərhçi qeyd edib ki, məhz bu səbəbdən baş nazir N.Paşinyanda artıq Azərbaycanla münaqişənin perspektivinin olmadığı qənaəti kəskinləşib.
Onun sözlərinə görə, bundan sonra vaxt itirmək Ermənistanın əleyhinə işləyir: “Ermənistan onsuz da çox şey itirib. Bundan sonra itirəcəkləri isə əvvəlkilərə bənzəməyəcək. Yüz ilin layihələrindən kənarda qalmış Ermənistan heç olmasa bundan sonra nəqliyyat və yaşıl enerji layihələrinin iştirakçısına çevrilməyə can atır. Paşinyanın son bəyanatı isə artıq Ermənistanın tamamilə “ağ bayraq” qaldırdığının elanıdır. Bundan açıq məğlubiyyət etirafı ola bilməz”.
A.Qasımov vurğulayıb ki, N.Paşinyan hər kəsin, istər xarici havadarlarının, istərsə də revanşist, millətçi ermənilərin başa düşdüyü şəkildə öz fikrini ifadə edib: “Paşinyanın bu etirafı sülh müqaviləsi imzalanması məsələsinin də artıq kəskinlik qazandığını göstərir. Hesab edirəm ki, bir neçə aya sülh müqaviləsi imzalanması mütləqdir. Ermənistan Azərbaycan Prezidenti İlham Əliyevin tələblərini yerinə yetirdikdən sonra sülh müqaviləsi imzalanması üçün heç bir problem qalmır. Azərbaycan üçün də sülh prioritet məsələdir”.
Lamiyə MİRZƏYEVA