Bəs öz dilimizdə namaz qılmaq olar?
Bu barədə Referans.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, namazın Azərbaycan dilində olan sözləri ərəb dilindən götürülmədir və namazın hansı dildə qılınmasının bir önəmi yoxdur:
“Bununla bağlı bir şəxs məndən soruşmuşdu. Dedim ki, əgər bu sualında ciddisənsə, get Azərbaycan dilində ibadət elə. Yəni çox adam bu sualı sadəcə sual xatirinə soruşur. Bəzilərində ciddiyət yoxdur. Ümumiyyətlə, namazın sözlərinin bizim dilimizə olan tərcüməsinin sözləri belə ərəb dilindən öz dilimizə keçən sözlərdir. Sadə olaraq Fatihə surəsini götürsək, orada olan həmd, aləm, rəbb, məxsus, rəhman, din, rəhim bunların hamısı ərəb sözüdür. Nə qaldı burda? Yəni əsas həmişə odur ki, istədiyin dildə namaz qıl, amma başa düşərək ibadət et. Öz ana dilində qılsan belə həmin oradakı sözlər artıq səndə rituallaşacaq. Din ritual din deyil, namaz rituallıq deyil. Namaz bizi mənfiliklərdən, əxlaqsızlıqlardan qurtarmaq üçündür. Namazı biz düzgün mənada dərk etməliyik ki, Allahın bizdən istədiyi namaz nədir, onu bilək. Allahın insanlardan ilk əmri namaz deyil, oxumaqdır. Amma bu gün təssüflər olsun ki, oxumaq və yazmaq azlıqı müsəlman ölkələrin payına düşür. Çünki Allahın ilk əmrinə belə biz müsəlmanlar və yaxud özünü müsəlman adlandıran insanlar biganə yanaşırlar. Əsas problem bundadır”
İlahiyyatçı bildirib ki, namazın hansı dildə qılınmasının heç bir önəmi yoxdur. Onun sözlərinə görə, əsas məsələ qıldığımız namazın sözlərində nə dediyimizi anlamaqdır: “Bu gün insanların demək olar ki, hamısı ərəb dilində namaz qılır, namazdan sonra isə əllərini Allaha açıb öz ana dillərində dua edirlər. Yəni, burada heç bir problem yoxdur. Ərəb dilində olanda niyə problem olmalıdır və ya başqa dildə olanda niyə problem olur. Sadəcə olaraq eyni dildə olan bir məsələnin müsbət tərəfi odur ki, insanlar bir araya gəlib həmin eyni ifadələri işlətməsi buna bəraət qazandırır. Əsas odur ki, namazın sözlərində nə dediyimizi başa düşək”.
Elşad Miri Quranın ərəb dilində göndərilməsinin ərəblərin müqəddəs xalq olmasından irəli gəlmədiyini və ya onların digər xalqlardan üstün olduqları anlamına gəlmədiyini bildirib. Sadəcə göndərilən peyğəmbərin onların o dildə danışması olduğunu İbrahim surəsinin 4-cü ayəsində biz öyrənirik – deyə o qeyd edib.