NATO baş katibi Yens Stoltenberq son çıxışlarından birində nüvə təhlükəsindən danışıb:
“Rusiyanın son bir neçə ayda Qərbi nüvə silahı ilə hədələməsi məlum faktdır. Rusiya prezidenti Vladimir Putin və ətrafındakı rəsmilər bir neçə dəfə Qərb ölkələrini nüvə silahıyla hədələyiblər. Bu Rusiyanın Ukrayna müharibəsindəki uğursuzluları ilə bağlıdır”.
Metbuat.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin analitik təhlilində deyilir. Mərkəzin ekspertləri hesab edir ki, Kreml Ukraynadakı hədəflərinə çatsaydı, Rusiya rəsmilərinin Qərbi nüvə silahıyla hədələməsinə ehtiyac qalmazdı.
“Ancaq Rusiyada onu da anlayırlar ki, nüvə silahıyla qorxutmağa çalışdıqları ölkələrin də nüvə silahı var. Rusiya ilə yanaşı Çin, İran və Şimali Koreyanın nüvə çalışmaları da beynəlxalq aləmin narahatlığına səbəb olub. NATO baş katibinin əsas qorxusu bununla bağlıdır: “Qlobal təhlükəsizlik təhdidlərlə də üzləşir, Çin öz imkanları barədə heç bir şəffaflıq təmin etmədən nüvə arsenalını sürətlə gücləndirir, İran və Şimali Koreya açıq şəkildə nüvə proqramlarını inkişaf etdirirlər”. Yens Stoltenberqin sözlərinə görə, nüvə silahı və digər silahlarla yanaşı, süni intellekt və yeni texnologiyalar da meydana çıxmaqdadır ki, onlar da risklər yaradır və bu risklər gözardı edilməməlidir: “Dünyamız daha təhlükəli və daha az proqnozlaşdırıla bilən olub”. Stoltenberqin fikrincə, keçmiş illərdə nüvə təhlükəsizliyi ilə bağlı imzalanan sazişlər təhdid olunur, yəni həmin müqavilələr etibarlı deyil: “Bu müqavilələr dostlar arasında imzalanmayıb, əksinə rəqiblər arasında imzalanıb. Və bu müqavilələrin çoxunu biz gərginliyin ən yüksək anında imzalamağa nail olmuşuq. Bu “soyuq müharibə” dövründə baş verib və indi də baş verə bilər”. Stoltenberq Çinin 2035-ci ilə qədər 1500 nüvə başlığına sahib olacağını vurğulayıb. Stoltenberq Pekinin siyasəti haqqında danışarkən, Çinin qlobal güc olmasıyla bağlı qlobal məsuliyyət daşıdığını bildirib”.
Analitiklərin qənaətinə görə, görünür, Stoltenberq bunu ona görə deyib ki, Çin ABŞ və Rusiyadan fərqli olaraq nüvə silahlarıyla bağlı sazişlərə imza atmayıb və özünü rahat hiss edir.