Son zamanlar qadınların doğuş zamanı ölməsi ilə bağlı xəbərlər gündəmin əsas mövzularından birinə çevrilib. Ginekoloq həkimlərin savadsızlığı və məsuliyyətsizliyi ucbatından dünyasını dəyişən qadınlarla bağlı yayılan xəbərlər xanımlarımızı həkim seçərkən diqqətli olmağa vadar edir. Bunun üçün də xanımlar tanınmış, daha çox təcrübəsi olan həkimlərə müraciət etməyə səy göstərirlər.
Mövzu ilə bağlı İstanbul Universiteti İstanbul Tibb fakültəsinin tələbəsi, Ege Universiteti Tibb fakültəsində qadın xəstəlikləri və doğum bölümündə təcrübə keçən, hazırda isə Bakıda Ege xəstəxanasında ginekoloq olaraq fəaliyyət göstərən həkim-ginekoloq Gültap Xalıqlı Medianews.az-ın suallarını cavablandırdı.
-Adətən gənclərimiz ölkə xaricinə çıxdıqda və yaxşı bir işə sahibləndikdən sonra vətənə dönməkdən imtina edirlər. Geri dönüşünüzün səbəbi nələrdir?
-Harda yaşamağımızdan, çalışmağımızdan asılı olmayaraq insan bir müddətdən sonra artıq vətəninə dönmək, öz ölkəsinin əhalisinə xidmət etmək istəyir. Səbəblər arasında yaşadığın xarici ölkənin sosial və iqtisadi durumu, həkimlərin cəmiyyətdə mövqeyi və sair əsas yer tutur. Vətənimdə olmaqdan məmnunam.
– Bildiyimiz qədər səhiyyə Türkiyədə daha yaxşı inkişaf edib, göstəricilərdə olduqca yüksəkdir. Bu barədə siz necə düşünürsünüz?
– Bəli tibb təhsili və səhiyyədə sığorta sistemi Türkiyədə daha yaxşı inkişaf etdiyi üçün orada insanların daha şanslı olduğunu düşünürəm. İlk növbədə Türkiyədə Sosial Güvənlik qurumu var, o qurum vasitəsilə bütün vətəndaşlara tibbi xidmət 100% ödənilir.
Sistem oturuşuncaya qədər fikirlər dəyişir. Azərbaycanda da hazırda insanlar sığortanın gələcəyini indidən qiymətləndirə bilmir. Türkiyədəki sistem bizdə də qurulsa çox yaxşı olacaq, hər kəs bundan yararlanacaq. Türkiyə sistemi dünyada örnək bir sistemdir.
Hesab edirəm ki, Azərbaycanda da işinin peşəkarı olan həkimlərimiz kifayət qədərdir.
– Azərbaycanda ginekoloqa müraciət zamanı qadınlarda əsas hansı problemlər meydana çıxır?
-Ginekoloqa ən çox müraciət səbəbləri vaginal axıntı, menstrual pozğunluqlar, myomlar, sidik qaçırma və qasıq ağrısı şikayətləridir.
– Bir qadının ana olmaq yaşı neçədir? Bədən hansı yaşda özünü analığa hazır hiss edir?
-Ana olmaq üçün ən ideal yaş 20-35 yaş hesab olunur. Bu 15 illik zaman dilimində mayalanma fiziolojik olaraq daha asan olur. Ana olmaq hər qadın üçün möcüzəvi bir haldır. Günümüzdə qadınların təhsil səviyyəsinin yüksəlməsi və karyera arzuları qadınlarda ana olmaq yaşının ertələnməsinə səbəb olur. Təbii olaraq qadın özünü psixoloji olaraq hansı yaşda hazır hiss edirsə o yaşda da hamiləliyin planlanması tövsiyə olunur.
– Bu gün ölkədə ana olmağa namizəd olanlar təbii, yoxsa qeysəriyyə üsulu ilə doğuşa üstünlük verirlər?
-Hər hansı bir əks göstəriş yoxdursa normal vaginal yolla doğuş tövsiyə olunandır. Tikişlərin qısa müddətdə sağalması, ana ilə körpə arasındakı yaxınlığın əmizdirmə ilə doğuşdan qısa müddət sonra başlanması, qısa müddət ərzində toparlanıb 24 saat ərzində xəstəxanadan evə çıxma kimi avantajları var. Ama bəzən hamiləliyin sonuna yaxınlaşdıqca hamilələr artan qorxu və həyəcan əsnasında qeysəriyyə əməliyatı ilə doğuşa üstünlük verirlər.
– Son dövrdə sonsuzluğun sayı da olduqca artıb. Bunu necə izah etmək olar?
-Son dövrdəki yeni yaşayış tərzi, ətraf mühitin çirklənməsi, kanserogen məhsullarla qidalanma, yoluxucu xəstəliklərin artması yumurtalıq rezervinin və keyfiyyətinin azalmasına və sonsuzluğun artmasına səbəb olur.
Medianews.az