Türkiyənin başlatdığı “Pəncəli Kilid” əməliyyatında şəhid olan leytenant Duabey Onur Öztürkmenin hərbçi yoldaşları onun evini ziyarət edib.
Medianews.az xəbər verir ki, şəhidin atasının istəyi ilə Hərbi Akademiya Himnini oxuyan leytenantlar hər kəsi kövrəldib.
İraqın şimalında həyata keçirilən “Pəncəli Kilid” əməliyyatında terrorçuların hücumu nəticəsində şəhid olan leytenant Duabey Onur Öztürkmenin yoldaşları Nizip rayonundakı Eyüp Sultan Sosial Müəssisələrinə gələrək şəhidin ailəsi ilə görüşüblər.
Şəhidin atası başsağlığı ziyarətinə gələn oğlunun silahdaşları ilə söhbət edib.
“Akademiyanızın himnini çox sevirdi. Evdə də oxuyurdu. Bir yerdə maşında da dinləyirdik. Hətta imtahana gələndə “youtube”da himni dinləyə-dinləyə gəlmişdik. Geri dönərkən də yenə o himni dinlədik. Məzun olanda evə gəlib birlikdə qulaq asırdıq. O himni sanki oğlum da sizin aranızdaymış kimi sonuncu dəfə eşitmək istəyirəm”, – deyə şəhid atası bildirib.
Atanın bu sözlərindən sonra şəhidin hərbçi yoldaşları birlikdə həmin himni oxuyublar. Sözügedən anlar sosial mediada böyük rəğbətlə qarşılanıb.
Medianews.az