“Bu gün erməni xalqı öz tarixində mürəkkəb və çox məsuliyyətli bir dövr yaşayır. Vəziyyət həddindən artıq gərgindir və bu insanı danışmağa məcbur edir”.
Medianews.az xəbər verir ki, bu fikirləri “Çiçəklənən Ermənistan” partiyasının sədri, biznesmen Qaqik Sarukyan deyib. Onun sözlərinə görə, bu gün Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin təşviqi göz qabağındadır və bu, ölkənin təhlükəsizliyini düşünən hər bir ermənini narahat etməyə bilməz.
“Bu gün yalnız rus sülhməramlıları sayəsində ermənilər Qarabağdadır. Anti-Rusiya kampaniyasının müəllifləri sadəcə olaraq həmin ermənilərin taleyini düşünməlidir. Bunu dərk edirlər, yoxsa fərqində deyillər?
Rusiyaya qarşı müxtəlif dairələrin demarşları, düşünülmədən işlədilən ifadələr və addımlar hətta Ermənistan iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Bunu dərk edirlər, yoxsa əhəmiyyət vermirlər? Əsas ixrac bazarının Rusiya olduğunu başa düşürlərmi?
Ermənistanın enerji sisteminin tamamilə Rusiyanın enerji daşıyıcılarından asılı olduğunu dərk edirikmi? Bütün partiyalar, bütün siyasi qüvvələr, bütün parlamentlər gəldi-gedərdir. Amma milli maraqlar dəyişməzdir. Biz dövlətin və xalqın təhlükəsizliyini, iqtisadi sabitliyi təhlükə altına qoya bilmərik”, – deyə Sarukyan qeyd edib.
Onun sözlərinə görə, Qərblə, qonşularla münasibətlərin inkişaf etdirilməsi məntiqlə Rusiyaya qarşı olmamalıdır.
“Ermənistan Rusiya ilə strateji münasibətlərini inkişaf etdirməlidir. Qarşılıqlı etimada, birgə ciddi layihələrə və ortaya çıxan problemlərin tez və praktik mühitdə həll etməyə ehtiyacımız var. Bu, Ermənistan-Rusiya münasibətlərinin əsasını təşkil etməlidir. Əminəm ki, xalqımız tarixi riskləri düzgün qiymətləndirir və öz müdrikliyi ilə ən pis hadisələrdən yan qaça biləcək”, – Sarukyan bildirib.
Zəfər
Medianews.az