Ermənistanın “lragir.am” saytının dərc etdiyi məqalədə Ağdamda yerləşən Rusiya-Türkiyə birgə monitorinq mərkəzi Ermənistan silahlı qüvvələrinin qanuni hədəfi olduğu bildirilib. Erməni mətbuatının Rusiya ilə Türkiyəyə aid monitorinq mərkəzini vurmaqla bağlı hədə xəbərlərini yaymasının arxasındakı məqamlar maraq doğurur.
Məsələ ilə bağlı ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Ermənistan rəhbərliyi bu addımı ata bilməz:
“Ermənistan mətbuatında yayılan məlumatlar erməni cəmiyyətinin fikirlərini ifadə edir. Revanşist ermənilər yanlış qərarlar səsləndirərək ölkələrini uçuruma doğru aparırlar. Ermənistan mətbuatında yayılan məlumatda Ağdamdakı Rusiya-Türkiyə mərkəzini vurmaq istəkləri sadəcə xülyadır. Birincisi, müharibədəki məğlubiyyətdən sonra İrəvanın hərbi gücü tükənib. İkincisi, həmin mərkəz Azərbaycana məxsus deyil. Ora ölkəmizlə razılaşdırılmış beynəlxalq statusa malik qurumdur. Mərkəzdə həm Rusiya, həm də Türkiyə hərbçiləri xidmət keçir. Bu isə o deməkdir ki, ora hər hansısa hücum təşkil edilərsə, Rusiya və Türkiyədən müqavimət görəcəklər. Bunu İrəvan rəhbərliyi də anlayır. Ona görə də onlar bu addımı ata bilməzlər”.
Ekspert qeyd edib ki, Ermənistan dalana dirənib:
“İrəvan bizi bunlarla təhdid edə bilməz. Ümumiyyətlə, 44 günlük müharibədən sonra Ermənistanın hərbi gücü qalmayıb. Bunu Ermənistan hakimiyyəti yaxşı anlayır. Ağır məğlubiyyətdən sonra bu səhvi təkrar etməzlər. Onlar “Qisas” əməliyyatından sonra anladılar ki, Rusiya sülhməramlıları da Azərbaycanı dayandıra bilməz”.
Elxan Şıxəliyev Azərbaycan rəhbərliyinin İrəvandan gələn məlumatları ciddi qəbul etmədiyini söyləyib:
“Azərbaycan müharibədə qalib gələrək təkcə Cənubi Qafqazda deyil, bütün dünyada sözünü deyən dövlətlərdən olub. Müasir müharibənin necə aparılması ilə bağlı nümunə yaratmışıq. Ermənistan artıq Azərbaycanın istəkləri üzərinə siyasi qərarlar verəcək. Bunu könüllü etsələr, onlar üçün daha asan olar. Əks təqdirdə Azərbaycanın gücü ilə qarşılaşmağa hazır olsunlar. Amma bundan sonra Ermənistanın güclə danışa bilməz, könüllü şəkildə ölkəmizin təyin etdiyi qərarlara tabe olacaq”.
Xanlar Əlibəy
Medianews.az