Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) ərzaq qıtlığından ən çox əziyyət çəkən 15 ölkədə milyonlarla uşaq üçün səfərbər olub.
Medianews.az xəbər verir ki, xarici medianın məlumatına görə, Əfqanıstan , Burkina Faso, Çad, Konqo Demokratik Respublikası, Efiopiya, Haiti, Keniya, Madaqaskar, Mali, Niger, Nigeriya, Somali, Cənubi Sudan, Sudan və Yəməndə 5 yaşa qədər 8 milyon uşağın qidalanmadan ölmə riski ilə üzləşdiklərini açıqlayan UNICEF, uşaq ölümlərində baş verə biləcək partlayışın qarşısını almaq üçün bu ölkələri “sürətləndirmə planı”na daxil etdiyini açıqlayıb.
UNICEF görüləcək tədbirlərin aktuallığına diqqət çəkərək, qlobal ərzaq böhranının təsirlərinin kəskinləşməsi səbəbindən ilin əvvəlindən bu yana 260 min daha çox uşağın ölüm riski səviyyəsinə çatdığını bildirib.
Bildirilib ki, Ukrayna müharibəsi ilə əlaqədar artan ərzaq qiymətləri, bir çox ölkədə iqlim dəyişikliyi səbəbindən uzunmüddətli quraqlıq və pandemiyanın iqtisadi təsirləri böhranın dərinləşməsində rol oynayıb.
Sözügedən 15 ölkənin təcili olaraq ərzaq və dərman yardımına ehtiyacı olduğunu ifadə edən UNICEF G7 liderlərini yaxın günlərdə Almaniyada görüşməyə çağırıb.
Onu da əlavə edək ki, UNICEF Almaniya, ABŞ , Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya və Kanadadan ibarət G7 liderlərindən 1,2 milyard dollarlıq yardım paketi istəyib .
Leyla, Medianews.az