Bir neçə gün bundan əvvəl Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr təyin edilmişdi. Onun bu təyinatı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Mövzu ilə bağlı Xalq artisti Medianews.az-a danışıb:
“Mənə bu işi həvalə ediblərsə nə etməliyəm? Çalışacam ki, işimin öhdəsindən gəlim. Əlimdən gələni etməyə hazıram”.
Kinematoqrafçılar İttifaqında edəcəyi yeniliklərə gəldikdə isə Rasim Balayev bildirdi ki, burada onluq heç bir şey yoxdur: “Bu sahə belədir ki, gərək kino çəkilsin. Kino çəkilməsə biz nə edə bilərik? Biz kino çəkən təşkilat deyilik. Çox adam elə bilir ki, biz kino çəkirik. Kino İttifaqı bəyəm kino çəkilişi ilə məşğul olur? Elə deyil. Gərək insanların bundan xəbəri və məlumatı ola”.
“Bəs siz orada nə edəcəksiniz?”- sualımıza gəldikdə isə Rasim Balayev əlavə etdi ki, onların da özlərinə məxsus işləri olacaq: “Bizim də özümüzə məxsus işlərimiz var. Allah qoysa onların öhdəsindən gəlməyə çalışacağıq. Bu barədə hələ ki, indidən bir söz demək mümkün deyil. Çünki bunun üçün toplaşmalı, müəyyən qərara gəlməliyik”.
Zərif Ülvizadə
Medianews.az