10-15 nüvə başlığına malik olan raketin 18 min kilometr uçuş məsafəsi var…
Hərbi analitiklər bu raketin Rusiyanın uzaq qərbindən buraxılarsa, Londonu 13 dəqiqəyə vura biləcəyini deyir…
Rusiya yeni qitələrarası “Sarmat II” raketini təqdim edib. NATO-nun “şeytan” ləqəbini verdiyi bu raketin xüsusiyyətləri nədən ibarətdir? Donbas müharibəsinin başlaması ilə Rusiyanın bu raketi dünyaya göstərməsi arasında hansı əlaqə var?
Medianews.az gündəmə gələn raket haqqında ətraflı məlumatları təqdim edir.
Ukraynada humanitar böhranın şiddətləndiyi bir vaxtda rus ordusunun Buça, Brodonskaya və İrpində çəkilməsindən sonra ortaya çıxan qırğınların görüntüləri şok effekti yaradıb. Ukrayna böhranında danışıqlar yolu hazırda perspektivli görünməsə də, Rusiya prezidenti Vladimir Putin dünən Sarmat RS-28 adlı yeni qitələrarası ballistik raketi sınaqdan keçirdiklərini açıqlayıb. Kremldəki mənbələrə görə, “Sarmat RS-28” NATO-ya qarşı hazırlanıb, raketin çəkisi isə 200 tondur.
Raketin Donbas müharibəsinin ortasında nümayiş etdirilməsi də müxtəlif şərhlərə səbəb olub. Rusiyanın Plesetsk vilayətindən buraxılan raket 6 min kilometr uzaqlıqdakı Kamçatka yarımadasına göndərilib. Putinin məlumatına görə, Sarmatı dayandıra biləcək müdafiə sistemi yoxdur. Kreml raketin həm də Rusiyanı təhdid edən insanlara mesaj verəcəyini düşünür.
Rusiya Müdafiə Nazirliyi Sarmatı dünyanın ən güclü qitələrarası raketi kimi təqdim edib. 10-15 nüvə başlığına malik olan raketin 18 min kilometr uçuş məsafəsi var. Məşhur strateq İan Uilyams Sarmatı “dünyanın ən güclü silahı” kimi təsvir edir, hərbi analitiklər isə Rusiyanın uzaq qərbindən buraxılarsa, onun Londonu 13 dəqiqəyə vura biləcəyini deyir.
Raket tamamilə Rusiya istehsalı olan hissələrdən ibarət olduğundan, sanksiyalar onun aktivləşməsinə mane olmur. Rus ordusu Sarmatı ilin sonuna kimi hazır vəziyyətə gətirəcək. Britaniya müdafiə nazirinin keçmiş müavini Jim Townsend deyir ki, Rusiyanın öz raketlərini nümayiş etdirməsi Ukraynadakı çarəsizliyin təzahürüdür.
NATO Rusiyanın yeni raketinə “Şeytan 2” adını verib. Sarmat 1962-ci ildə dizayn edilmiş Sovet istehsalı olan Voevodanı əvəz edəcək. Voevoda üç döyüş başlığı daşıya bilirdi. Voevoda NATO dövründə SS-18 Şeytan ləqəbini almışdı. Bu səbəbdən Qərb yeni raketi “İblis II” adlandırır.
Turan Oruc
Medianews.az