“Qaraqabaq, yerəbaxan, gözü gömgöy,
rəngi kürən…
O fitnələr övladının hiylə yağır sifətindən.
Cənab kimdir? – O, Teylerdir! Şlyapalı bir iblisdir!
Ürəyimdən səslər gəlir: – İngilisdir! İngilisdir!”
(Səməd Vurğun, “Zəncinin arzuları”
poemasından, 1948)
Budur, yenə də beynəlxalq imperialist dairələr, türkün sözü, sümürgəçi xarakterlərini açıb göstərdilər. Hörmətli deputatlarımızdan birinin Britaniyada şirkətləri varmış, onun hesablarındakı 15 milyon 300 min funt sterlinqin ilkin olaraq 5.630.994.19 funtuna əl qoymuşlar. Qısa yazsaq, pulu müsadirə eləyiblər. Deyəsən, qalanı da əlimizdən gedəcəkdir. Səbəb isə karikaturadır: guya pulun mənbəyi məlum deyil. (Yazının irin-qan hissəsində buna aydınlıq gətirmişəm).
Hələ özü də rəqəmdəki dəqiqliyə baxın. Son qəpiyinə, daha doğrusu, pensinə qədər göstəriblər, sanki bizə işarə vururlar: “Siz orda pensiya dərdi çəkin, biz burda penslərinizi basıb yeyək, sizin şikayətlər də pensimizə deyildir”. Ax, yaramaz rejim. Çürüməkdə olan kapitalizmdən nə gözləyəsən? Rəhmətlik Marks və Engels hələ 170 il qabaq Avropada kabusun dolaşdığını boşuna yazmırdılar.
Pul isə doğrudan babat puldur. Manata çevirəndə Elman müəllimin hazırkı 1 funt – 2 manat 29 qəpik kursuyla 12 milyon 920 min 594 manat 90 qəpiyə bərabərdir. Məncə qəpiyi deputatın Şəkini təmsil eləməsinə görə ora yazıblar, çünki şəkililər həmişə deyir ki, bizim şəhər dünyada yeganə yerdir burda yəhudilər məskunlaşa bilməyibdir. Guya ticarəti, bank sistemini, pulun qədrini yəhudilərdən çox bilirlər. Halbuki, mən keçən yay getmişdim, o boyda şəhərdə Xanın köhnə sarayından başqa fərli bina qalmayıb, camaat isə cındır sovet maşınları sürür. Şəki inanılmaz kasıb durumdadır, biləsiniz. Turistik bölgəmizin bu günə salınması adamın ürəyini ağrıdır.
Əlbəttə, Şəkinin o vəziyyətə düşməsi Baydenin, Putinin, Makronun və bir az da Paşinyanın əməli ola bilər, ağlıma başqa variant gəlmir, ancaq bugünkü mövzumuz bu deyildir.
12 milyon 920 mini orta pensiya məbləğimizə – 300 manata bölsək, müsadirə edilən pulla 43 mindən çox pensiyaçıya aylıq pensiya vermək olardı. Yaxud ünlü biznesmenimiz Hafkanın 1 milyon 500 min vergi borcu var, ev dustaqlığına güclə buraxılıb, lakin ingilis orda bunun 8 qat artığını basmarlayıb, Yasamal rayon məhkəməsi isə susur. İkili standartdır. Halbuki Tahir Kərimli indi orda hakim olsa kraliçanı məhkəməyə verib udardı.
Yeri gəlmişkən, ingilis elə bilir bu pulları yeyə biləcəkdir. Mümkün deyildir. İrin-qan olub kraliçanın burnundan gələcək, baxarsınız. Prins Çarlz atdan yıxılacaq, gəlin Meqan sarayın sirlərini açacaq. Ən azı Yelizaveta xala şahzadə Endryü müəllimin dalıyca qazamata peredaça aparacaq. Göydən Allah baxır. O pulları deputatımız dərman (hər dəfə televiziyadakı ünlü alverçi-falçı arvad yadıma düşür və bu sözü onun diliylə “dərmən” kimi yazmaq istəyirəm) biznesi ilə toplamışdı. Həmin funt-sterlinqlər minlərlə insanın canı-qanı bahasına toplanmışdır. Elə bilirsiniz yemək asandır? Halallığını verməmişik. Bəlkə Conson Allahşükür müəllimin təzə, virtual nəzir qutusuna beş-on sterlinq köçürsə mistik qüvvələr pulun üzərindən lənəti qaldırarlar.
İdmançılarımızdan da istifadə edə bilərik – pulu geri almaq üçün. Çünki Şəki camaatının bu istiqamətdə bəxti gətirmişdir. Doşab alıblar, bal çıxıb. Halva deyiblər, ağızları şirin olub. Bölgənin deputatlarından biri dərman biznesi qurmuşdursa, o biri karateçidir. Yəni biri təpiyi qoyub ağız dağıdanda, o biri dərmənləyirdi. Gör nə qədər düşünülmüş dövlət siyasətidir, Allah, Allah! Şəkinin üçüncü deputatı da var, ancaq onun nə işlə məşğul olduğunu heç ingilislər də bilmir. O dərəcədə əsrarəngiz adamdır. Ancaq bu gün mövzumuz seçki proseslərini təhlil etmək də deyildir.
Üstəlik, mən heç siyasətə qarışmıram, nəyimə lazımdır?