“Kar sultan”ın belə eşitdiyi məktəb görüntüləri ilə bağlı bəzi detallardan danışmaq istəyirəm. Deməli bu görüntülər yayılan zaman ilk olaraq, Təhsil Nazirliyi məktəbin Azərbaycanda olmasını inkar etdi. Hətta daxil olan məlumata görə, həmin paylaşımı edən şagirdin səhifəsi bağladılıb və tapşırıq verilib ki, bununla da məsələ bağlansın.
Lakin daha sonra media nümayəndələrinin sualları qarşısında aciz qalan məktəb, faktı təsdiqləməyə məcbur qalıb və açıqlama zamanı bildirib ki, həmin şagird əvvəllər də bu cür hərəkətlərə yol verdib, məktəbdə uşaqlara siqaret, “patı” satıb. Məktəbin açıqlamasında xüsusi qeyd olunub ki, bu şagirdlə bacara bilmirlər və həmin şagird hamını “polis dayısı” ilə hədələyir. Hətta məktəb rəsmisi dərsində şagirdlərin tərbiyyəsizlik etdiyi müəllimənin çox savadlı, peşəkar müəllim olmasını, onun bir çox şagirdlərinin qızıl medallarla məktəbi bitirməsini, və hansısa rayonda icra başçısı kimi işləmələrini xüsusi vurğulayıb.
Daxili İşlər Nazirliyinin rəsmisi də hamin şagirdin profilaktik uçotda olduğunu və bütün zəruri tədbirlərin görülməsinin diqqət mərkəzində saxlanılmasını bildirib.
Lakin maraqlısı ondadır ki, bu məlumatlar dərc olunduqdan sonra məktəb rəsmiləri tam əks məlumatlar yaymağa başlayıb. İlkin açıqlamada təriflədikləri, yerə-göyə sığdıra bilmədikləri fənn müəlliminə töhmət verildiyini açıqlayıblar.
Bir neçə saatın içərisində məktəb rəhbərliyinin fikirlərinə və qərarlarına müdaxilə edən kim oldu? Şagirdin “polis dayım” deyib, hamını qorxutduğu naməlum şəxs hərəkətəmi keçdi?
Ümumiyyətlə “patı” satdığı iddia olunan şagirdə görə, hansısa təhsil işçisinin cəzalandırılması, töhmət verilməsi hansı insafa sığır və hansı vicdandan xəbər verir?
Görünür hələ çox suallarımız cavabsız qalacaq. Yəqin ki, bu dəfə də Təhsil Nazirliyi çıxıb açıqlama verəcək ki, “bu oxuduqlarınız, gördükləriniz sadəcə yuxudur”.
Leyla
Medianews.az