Ötən ayın 25-də “Yeni Müsavat” qəzetinin müxbiri Fərahim İlqaroğlunu döyən naməlum şəxslərin adları istintaqa məlum olub. Onların peşəkar idmançı olduğu hüquq-mühafizə orqanları tərəfindən təsdiqlənib.
“Axar.az” bununla bağlı Fərahim İlqaroğlundan müsahibə alıb.
– Nəhayət ki, səni döyənlər tutuldu. Sifarişçilərin kim olduğunu təxmin edirdinmi?
– Dünən Nizami Rayon Polis İdarəsinə çağırıldım. Məni döyən Firuzu tutmuşdular. Firuz dindirilmə zamanı etiraf etdi ki, məni sifariş əsasında döyüb. Firuz özü təhlükəsizlik xidmətində işləyir. Rəisi Tural Bayramov adlı K-1 idman növü üzrə peşəkar döyüşçüdür. Firuz dedi ki, rəis mənə tapşırıq verdi və dedi ki, bu adamı izləyin, mümkün olan yerdə ölümcül döyün. Güman edirəm ki, bunun arxasında deputat Elton Məmmədovun oğlu Aynar Məmmədov da var. Əsas Tural Bayramov tutulandan sonra bu daha da aydın olacaq.
– Nə düşünürsən, döyülməyinin səbəbi nədir?
– Əgər onlar sifariş veribsə, məqsədləri nazir Ziya Məmmədovdan yazan bir qəzetə mənim timsalımda gözdağı vermək olub. Hamı kimi mən də nazir Ziya Məmmədovla bağlı yazıları paylaşıb, status yazmışam. Amma heç vaxt təhqir etməmişəm. Hamı necə, mən də elə.
– Aynar Məmmədovla bağlı yazılan yazıların müəllifi sən idinmi? Ola bilərmi ki, xüsusilə sənin döyülməyinin səbəbi budur?
– Aynarla bağlı yazıların müəllfi mən olmamışam. O vaxt ilk dəfə bu barədə Eynulla Fətullayevin rəhbəri olduğu sayt məlumat yaymışdı. Mən də o məlumatları paylaşaraq münasibət bildirmişəm. Amma heç vaxt paylaşımlarımda təhqirə yol verməmişəm.
– Onu məhkəməyə verib hər hansı tələb irəli sürmək fikrin varmı?
– Sona kimi haqqımı tələb edəcəyəm. Mən günahsız yerə, peşə fəaliyyətimə görə döyülmüşəm. İlk gündən müxtəlif versiyalar səsləndirmişdilər. Hüquq-mühafizə orqanaları bu versiyalrın üstündə iş apardılar. Eyni zamanda mənim işim Daxili İşlər Naziri Ramil Usubovun şəxsi nəzarətində idi.
Nazirliyə də dəvət olunmuşdum. Peşəkar əməliyyatçılarla görüşdüm. Məni əmin etdilər ki, narahat olmayın, sizin məsələniz diqqətdədir və tez bir zamanda açılacaq. Konkret olaraq mən iki həftə peşə fəaliyyətimlə məşğul ola bilməmişəm. Tələb edəcəm ki, həmin şəxslər qanun qarşısında sərt cəzlandırılsınlar.