“Ho var dağa çıxardar, ho var dağdan endirər”
(Azərbaycan ata sözü)
Neçə ildən sonra zülümlə bir futbolçu yetişdirib dünya arenalarına çıxarmışdıq, onun da deyəsən zayı çıxdı. Düzdür, elə güclü çempionatda oynamırdı, ancaq Polşa hər halda bizim liqadan qat-qat üstündür. Ən azından orda 8 komandanı güc-bəla bir yerə toplamırlar, bütün komandaların sponsoru isə eyni “dövlət şirkəti” olmur.
Adam isə orada çox yaxşı start vermişdi. Az qala hər oyun qol vururdu, azarkeşlər bunun soyadını qışqırırdı, balaca uşaqlar avtoqraf alırdılar. Hətta bəzi jurnalistlərimiz qızışıb yoldaşın tezliklə Britaniyada, İspaniyada-zadda oynayacağını anons edirdilər. Allah onların qələmini qırsın, bəlkə işləri elə o jurnalistlər pozdu, yalan yerdən adama qaz verdilər. Gəlin həmin jurnalistləri türməyə basaq. Yalnız bu şəkildə idmanımız inkişaf eləyə bilər.
Fıs isə tez yatdı. Komandası uduzmağa başladı, oyunçumuz qol əvəzinə barlarda viski vurmağa keçdi. Düzdür, futbolçumuzun anası (onun meneceri də anasıdır deyəsən, bizdə başqa cür mümkün olmur, hamı mama uşağıdır) açıqlama vermişdir, söyləyir uşaq dilinə içki vurmur. Ancaq barda şəkil çəkilib, onu neyləyək, məlum deyil.
İçmək cəhənnəmə, yetişdirməmiz məşqlərə gecikməyə, intizamsızlığı tam komplektdə davam etdirməyə başlamışdır. Proqnoz edə bilərik ki, az keçmədən baş məşqçiyə kəllə atacaq, klubun prezidentinin yeddi arxa dönənini söyüb üzü vətənə yol alacaqdır.
Ayrı nə etmək olar ? Bu bizim tale yolumuz, alın yazımızdır. Biz ayrı cür yaşaya bilmərik. Yetişdirib dünyaya çıxardıqlarımız adətən ya öz kimliyini, ana yurdunu tamamən unudan manqurtlar çıxır, ya da şöhrətdən gicəllənib uğursuzluğun dibinə yuvarlanan bədbəxtlər olur.
O üzdən, adam kimisə tərifləməyə də qorxur. Hərdən hökumət görürsən jurnalistlərə irad tutur: “Həyat ağ-qara deyil, uğurlarımızı da görün, müsbət işlərdən yazın, nə qədər tənqid etmək olar” və sairə. Bax, buna görə tərifləmirik! Kimi tərifləsək, içindən qurd çıxır.
Örnək üçün, elə götürək dini, milli-mənəvi dəyərlərimizi. Biz yaxşı bilirik ki, bu sahədə dünyada ən yaxşı yerdəyik. Ağsaqqal öyüd verəndə, hamı eşidir. Ağbirçək məclisə girəndə camaat, türkün sözü, mıx kimi dik durur. Toyda yengə, nişanda cöngə, elçilikdə döngə – hamısına əməl eləyirik. Yoxsa o nədir, Hollandiyada kişilər kişilərlə evlənir, Fransada müəllim şagirdini alır, canım sənə desin, Almaniyada baş nazir lüt çimir və sairə. Təmiz əxlaqsızlıqdır. Ümumiyyətlə, islam olmayan hər yerdə əxlaqsızlıq, binamusluq, biqeyrətlik ərşə qalxır. Gəlin müsəlman dövlətlərinə baxaq. Ərəb ölkələrində, İranda, Misirdə, Çadda, Nigerdə insana hörmət var. 9 yaşlı uşağı ərə vermək Britaniyada geniş yayılıb. Norveçdə məktəbə gedən qız uşağının üzünə sulfat turşusu atırlar. Amerikada prezidentliyə namizəd pedofiliyanı təbliğ eləyirmiş. Qısası, Qərbdə mənəviyyat qalmayıb. Biz də şərq, müsəlman ölkəsi olaraq mənəviyyatda liderik. Hara baxsan ağzından dürr tökülən mollalar, üzü nurlu axundlar, gözü parlayan imamlar görərik. Mən onların hikmətli sözlərini yazıb saxlayıram: “Qələmin yazdığını silə bilərsən, qismətin yazdığını əsla”, “Kişini qadın özü uca tutmalıdır”, “Yadda qalmaq istəyirsənsə, pislik elə, yaxşılığı heç kim xatırlamır”…
Ancaq bu kimi üstün cəhətlərimizi tərifləyirik deyə birdən işin zibili çıxır. Görürsən hardasa balaca uşağın başına pis işlər açıblar. Əlbəttə, əlaqədar orqanları da passivlikdə qınaya bilmirsən, çünki həmin zaman kəsiyində onlar eyni ərazidən olan, ağzının danışığını bilməyən sərxoşun müalicəsini öz üzərlərinə götürmüşdülər. Deməli, o yaramaz içib açarını itirməsə, uşaqlar da yiyəsiz qalmazdı.
Hələlik bu qədər. Heç kimi tərifləməyin.