Azərbaycan Prezidenti İlham Əliyev Bakıda II Qlobal Açıq Cəmiyyətlər Forumunun açılışında iştirak edib. Dövlət başçısı tədbir iştirakçılarını salamlayıb və Azərbaycanda keçirdikləri günlərin uzun müddət onların yaddaşında qalacağına ümidvar olduğunu bildirib.
İlham Əliyev bəyan edib: “Burada Azərbaycana ilk dəfə səfər edən qonaqlarımız da var. Ümidvaram ki, bizim tariximiz, mədəniyyətimiz, ölkəmiz haqqında yaxşı təəssüratlarınız olacaq”.
Azərbaycan Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dəstəkləyən hər kəsə minnətdarlığını bildirib. Dövlət başçısı deyib ki, bu qurum görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyır. O, müdrikliyin, Azərbaycan xalqının istedadının rəmzidir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın müstəqillik dövrünün cəmi 22 yaşı olmasına baxmayaraq, bu qısa tarixi zaman kəsiyində ölkə müxtəlif dövrləri yaşayıb. Əvvəlcə çoxlu siyasi və iqtisadi problemlər oldu, indi isə Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir və bu dəyişikliklər hamımızın gözü qarşısında baş verib: “Biz bu prosesin bir hissəsi olduğumuza və Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak etdiyimizə görə şadıq”.
İlham Əliyev çıxışında xatırladıb ki, BMT TŞ-nin Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnaməsi mövcuddur və onlardan heç birinə əməl olunmur: “İşğal davam edir, biz etnik təmizləmənin obyekti olmuşuq, ölkəmizin tarixən ayrılmaz hissəsi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayon 20 ildən artıqdır ki, işğala məruz qalır. ATƏT, Avropa Parlamenti, AŞ PA, BMT Baş Assambleyası, BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq təşkilatlar münaqişənin nizamlanması ilə bağlı qətnamə və qərarlar qəbul ediblər və onlardan heç biri yerinə yetirilmir. Belə bir təəssürat yaranır ki, onların həyata keçirilməsi üçün heç bir mexanizm yoxdur”.
Prezidentin sözlərinə görə, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki hadisələri öz azadlığı və müstəqilliyi uğrunda qurban kimi qiymətləndirir: “Lakin cəmiyyətimizin bütün üzvləri tamamilə əmindirlər ki, belə vəziyyət uzun müddət davam edə bilməz. Biz doğma torpaqlarımıza qayıdacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik və Azərbaycan xalqı, 1 milyondan çox məcburi köçkün və qaçqın hazırda işğal altında olan öz doğma torpaqlarında, evlərində yaşamaq hüququnu əldə edəcəklər”.
Dövlət başçısı xatırladaq ki, 90-cı illərdə Dağlıq Qarabağda qanunsuz referendum keçirilib: “Buna qədər Qarabağ əhalisinin üçdə birini təşkil edən etnik azərbaycanlılar oradan qovulub. Bu qondarma referendum qanunsuz olub və məhz buna görə də dünyanın heç bir ölkəsi qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb və tanımır”.
İlham Əliyev bəyan edib ki, bununla da beynəlxalq hüquq, ədalət və tarix Azərbaycanın tərəfindədir: “Lakin aydın başa düşürük ki, bu, ədaləti bərpa etmək üçün kifayət deyil. Biz daha da güclü olmalıyıq. Təəssüf ki, biz beynəlxalq münasibətlərdə gücün vacib rol oynadığını görürük. Regionumuzun ölkələri nə etməlidirlər – əminəm ki, bu məsələ forumda müzakirə olunacaq. Müxtəlif ssenarilər var, lakin tam aydındır ki, siz öz taleyinizin sahibi olmalısınız. Cəmiyyəti əsas prioritetlər ətrafında birləşdirmək üçün siz daha güclü olmalı, daha çox çalışmalısınız. Bizim üçün belə prioritet ərazi bütövlüyümüzün bərpa edilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi və insanları daha keyfiyyətli həyat standartları ilə təmin etməkdir”.