Sovet dövrünün axır illəri idi oxuduğum ali məktəbdən məzun olurdum, qəfildən məlum oldu ki, sənədimdə 9 ay əvvəl hərbi toplanışda olduğuma dair qeyd və möhür yoxdur. Necə olubsa, vurmayıblar. Getdim hərbi qarnizona, məsələni danışdım, sənədlərə baxdılar, dedilər, asan işdir, hərbi hissənin komandiri gəlsin, həll edərik.
İki azərbaycanlı gizir və bir rus mayorla birlikdə hissənin önündə dayanmışdıq. Onlar siqaret çəkə-çəkə zarafatlaşırdılar, mən qulaq asırdım. Gizirlər 33-35 yaşında cantaraq kişilər idi, rus mayorun 40-45 yaşı olardı və alkoqolik sifəti vardı.
Söhbət əsnasında gizirlərdən biri o birinə dedi ki, lələ, vallah, bizim çastın əsgərləri çurbandır, bu gecə desantçılar yenə gəlib onları döyüblər. O biri gizir dedi ki, günah özlərindədir, dillərini dinc qoysunlar, döyülməsinlər.
Anlaşıldı ki, qarnizonda iki hərbi hissəni bir-birindən ayıran hündür hasar var və bu iki hərbi hisssənin əsgərləri bir-biri ilə ləc düşüb, münaqişə içindədirlər. Səhər düzülüşündə bunlar hasarın üstünə çıxıb desantçılara söyürlər, onlar da heç nə demir, amma axşam hasarı aşıb gəlirlər, kazarmada nə qədər əsgər var, hamısını çiləyib gedirlər.
Yarısı rusca, yarısı ana dilimizdə gedən söhbətə mayorun reaksiyası belə oldu: çəkdiyi siqareti zibilqabına tərəf tulladı, “… s nimi” dedi və dönüb getdi. Gizirin biri isə o birinə dedi ki, əslinə baxsan, bu, heç çurbanlıq da deyil, əməlli-başlı petuxluqdur, insan nə qədər döyülər.
O biri gizir dedi, lələ, desantçılar da eşşəkdir də, buradan o tərəfə söyüş söyənlər 5-6 nəfərdir, amma onlar gəlib hamını döyürlər.
O vaxt bu söhbət mənə çox komik görünmüşdü, vaxtaşırı dost-tanışlara danışırdım. Son vaxtlar isə həmin olay bir az da ibrətamiz səciyyə almağa başlayıb.
Bəli, 3-5 nəfər ağzıpərto, məsuliyyətsiz, gücsüz, özünü müdafiə edə bilməyən adam öz xroniki səfehlikləri ilə onlarla, hətta yüzlərlə başqa adamın da döyülməsinə, haqsız duruma düşməsinə baiskar ola bilirlər.
Zəif adamların söyüşcül olması çoxdan təsdiqlənmiş faktdır, artıq aksiomadır. Güclü adam söyüş söyməz, qarğış etməz. Özü də burada söhbət fiziki baxımdan zəif-güclü olmaqdan getmir. Boyu metr yarım, çəkisi 50 kilo olan oğlanlar var, məntiqləri və cürətləri ilə iki metrlik pəzəvəngləri (hər mənada) susdurur. Amma qolunda güc, başında ağıl, canında hünər olmayan adamlar da var ki, bütün gücləri uzun dillərində, təzək tökülən ağızlarındadır, qarnizonun çurban əsgərləri kimi eləcə hasar üstündən söyüş söyə bilirlər. Bircə iş pisdir ki, indiki desantçılar virtual hasarı aşıb “gecə davası”na gələ bilmirlər. Çünki virtual məkanın sərhədləri genişdir: “çurban”ın biri İstanbulda oturub, biri Moskvada, o biri də harda gizlənibsə, yerini yanlış göstərir, guya ki, Sidneydə-zaddadır. Söyülmüş desantçı bilmir hansını harda tutsun.
Girib şəkillərinə baxırsan, suyumsuzun, üz-gözündən psixopatlıq yağan əbləhin biri. Əlinin arxasıyla ağzının üstünə bir şillə qoysan, yıxılıb, öləcək. Belələrini adətən “üzdəniraq” adlandırır, kişi məclislərində söz danışmağa qoymurlar. Di gəl, gədə kompüter arxasında əjdahaya dönür, ən adi polemikada ikinci cümlədən sonra itin başını ağzına götürür, mır-mır mırıldayır.
O gün ölkənin ən utanmaz, komplekssiz jurnalistlərindən biri yazmışdı ki, artıq şərh yazmağa qorxuram, tanımadığım gədələr və qadınlar tökülüşüb söyürlər. Ən pisi odur ki, bütün günü sosial şəbəkələrdə qadınlara hörmət, diqqət tələb edən zərif cins nümayəndələri də ağızlarını söyüşlə açır, özlərini vağzal-bazar cüvəllağıları kimi aparırlar. Öz leksikonunda adlarının çəkilməsi məqbul olmayan bədən üzvlərinin iştirakı ilə intim səciyyəli aktları açıq-açıq təsvir edən psixopatlar hesab edirlər ki, belə lazımdır.
Qəribə işdir, yüzlərlə qadının oxuduğu statusda, şərhdə hər cür biədəb kəlmə işlət, sonra da qadına hörmətdən dəm vur. Adama deyərlər, yaramaz, sən öz ananın-bacının yanında bu cür danışırsan? Danışırsansa, ta heç zad.
İndilikdə siçovul kimi dəlmə-deşiklərdə gizlənərək ətrafa üfunət saçan bu iyrənc, murdar məxluqlara baxırsan, düşünürsən ki, onların da dövranı keçəcək, yeni kommunikasiya texnologiyalarının tərəqqisi ilə ortalığa daha murdar, daha əclaf, daha iyrənc məxluqlar çıxacaq və bunlar şükürlü olacaq.