“Cəhənnəmə gedən özünə yoldaş axtarar”
(Azərbaycan ata sözü)
İraq Şam İslam Dövlətinin (İŞİD) başçısı Bağdadini bu dəfə, deyəsən, doğrudan öldürüblər. Hər halda, adam bizim “Uzaq sahillərdə” filmindəki məşhur epizodu – alman zabiti Şultsun deyinməsini xatırlatmağa başlamışdı: “Bu əlamətlərə görə üç Mixaylo asmışıq, ikisini də güllələmişik”. İŞİD Orta Doğuda bir fəlakət mənbəyinə çevrilmişdi, dünyanın qara yarası, xaosun, cəhənnəmin dibi kimi bir ərazi düzəltmişdilər, bu baxımdan Bağdadinin ölümünə haradasa sevinmək lazımdır. “Hardasa” ona görə yazıram ki, əslində onun qətlində əli olan rejimlər də “Allahın bacısı uşaqları” sayılmaz, hərəsi başqa bir dünya ərazisində ədalətsizliklə məşğuldur. Bir az miqyas, təbliğat faktorları başqa cür ola bilər. Biz azərbaycanlılar belə qlobal ədalətsizliyin nəticələrini azı otuz ildir öz canımızda yaşamaqdayıq, ölkəmizin qərbində sağalmayan böyük yaramız qalmaqdadır.
Ancaq nə qədər qəribə görünsə də Bağdadinin ölümündən sonrakı Orta Doğu düzənində… azərbaycanlıların rolu üst qata çıxır. Hələ avqust ayında, bəzi mənbələrdə isə 2018-ci ildən Bağdadinin özünə varis elan elədiyi adamın adı hallanmağa başlamışdı: Abdullah Qardaş. İndi Qardaş daha ön plandadır. Bunun soyadındakı doğmalıq sizə təəccüblü gəlməsin, Abdullah Qardaş əslində tərtəmiz türkdür. İraqın şimalında, əhalisi tamamilə türkmənlərdən ibarət Təlafər şəhərində doğulub. İraq türkmənləri, kərküklər kimi adlarla tanıdığımız bu millətin hazırkı Şimali Azərbaycanın əsas etnosu olan türklərdən demək olar heç bir fərqi yoxdur. Həm dil, həm adətlər baxımından. Ötən əsrin 60-cı illərində İraqdan Bakıya gələn və Nərminə Məmmədova ilə “Evlərinin önü yonca” mahnısını oxuyub milyonların qəlbini fəth edən Sinan Səid məhz o türkmənlərdən idi. Məhəmməd Füzuli də həmin camaatdandır. Sözgəlişi, yayda Abdullah Qardaşın fotosunu dərc eləmişdilər və ona baxanda məni gülmək tutmuşdu, çünki Azərbaycanda, xüsusilə doğulduğum Qarabağ bölgəsində nə qədər o sifətdə adam görmüşəm.
Abdullah Qardaşın dünyada tanınan bir terror örgütünə başçı keçməsi bizə həm siyasi, həm mənəvi baxımdan təsir göstərə bilər. Məsələn, bəziləri yolunu azıb İŞİD-ə qoşular. Ümumiyyətlə, çağdaş dünyada dəyərlər, qəhrəmanlar tez-tez yerlərini dəyişir, millətlər bütlərini söküb təzədən yığırlar. Amerikada 19-cu əsr Vətəndaş savaşı generallarının heykəllərini sökdülər. Ruslar Stalinin, Dzerjinskinin heykəllərini bərpa edirlər. Ermənilər faşist generalı Njde-yə İrəvanda heykəl qoyublar.
Yeri gəlmişkən, bu Njde məsələsi bizim üçün də aktualdır, çünki azərbaycanlıların da alman ordusu tərəfdə döyüşən legionu olub, başçısı isə müharibədən sonra KGB-nin izləyib qətlə yetirdiyi naxçıvanlı zabit Düdənginski idi. Bəzən Rəsulzadənin Düdənginski ilə görüşlərinə əsaslanıb onu da faşistlərlə əməkdaşlıqda suçlayırlar, halbuki tarixə indidən yox, həmin dövrün gözüylə baxmalıyıq. O zaman isə azərbaycanlılar üçün rus və ya alman işğalında olmağın, kommunist və ya faşist repressiyasından əzilməyin prinsipcə böyük fərqi yox idi, Rəsulzadə isə almanlarla əməkdaşlıq edərək ölkəmizin müstəqillik qazanacağına ümidli idi. Lakin 1943-cü ildən sonra bu ümidlər boşa çıxanda Rəsulzadə almanlardan tamam uzaqlaşmışdı. Elə faşistlərin böyük insan qırğınları törətməsi, o cümlədən yəhudi soyqırımı da dünyaya əslində 1943-lərdən sonra məlum olmuşdu və həmçinin baş tutmuşdu. Əlbəttə, Azərbaycan legionunun 1944-cü il Varşava üsyanının yatırılmasında aktiv iştirakı bizim üçün bir töhmət sayılmalıdır, bunu etiraf edirəm. Hər halda, biz, ümid edirəm, haçansa Düdənginskiyə heykəl qoymarıq, baxmayaraq bu tip işlərdə mənfi təcrübələrimiz çoxdur.
Sözümü ona gətirirəm ki, bir millət üçün övladının hansı zirvələri fəth eləməsi bəzən çox da önəm daşımır. Hətta çox zaman millətin gözündə əziyyətlə, alpinizm yoluyla dağa qalxan daha az hörmətli olur, nəinki insan kəllələrindən piramida düzəldib onun başında oturan. İnsanların ədalətsizliklə üzləşərkən qisas hissi ilə dolması da belə qiymətləndirmələrdə rol oynayır (bax: yazının epiqrafı).
Mövzumuzla səsləşir, hazırda Rusiyada KİV-lər, sosial şəbəkələr orada yaşayan azərbaycanlıların “VBON” adlı ekstremist qrupundan çox yazırlar. Guya bu gizli qrupun üzvləri azərbaycanlılara söz atan rusları döyür, təhdid edir və sairə. Mən həmin yazılardan birində gülməli irada rast gəlmişdim. Rus jurnalist hansısa azərbaycanlının yazışmasını ələ keçiribmiş, orada 19-cu əsr çar generalı Sisiyanovun Bakıda öldürülməsi alqışlanırmış və sairə. Deyir niyə azərbaycanlı buna sevinir, bu, ruslara qarşıdır.
Əcəb məntiqdir. Heç soruşmur Sisiyanov o vaxt Bakıda nə gəzirdi. Sanki biz onu həmin vaxt “Jara” festivalına dəvət edib başını kəsmişik…