3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında qalmaqallı məğlubiyyəti ilə bağlı danışıb.
BAKU.WS xəbər verir ki, İctimai Televiziyada “Bol İdman” verilişində qonaq olan idmançı rusiyalı Hacımurad Rəşidova qarşı görüşdə hakimlərin haqsız qərarı ilə məğlub olduğunu söyləyib:
“İdmanda qalib gəlmək də olur, uduzmaq da. Biz haqsızlığa tez-tez uğrayırıq. Hakimlər bəzən 50/50-yə düşündükdə, haqsızlıq edirlər. Amma bu dəfəki hadisə tamam başqa idi. Başıma ilk dəfə belə hadisə gəldi. Hakimlərin etdiyi böyük səhvdir. Dünya çempionatına belə zəif hakimləri buraxmaq beynəlxalq federasiyanı düşündürməlidir”.
H.Əliyev hakimlərə etiraz edən vaxt məşqçiləri Arif Abdullayev və Zəlimxan Hüseynovun onu tək qoymasını da tənqid edib:
“Həmin vaxt özümdən çox çıxmışdım. Həmin vaxt hakim mənə dedi ki, “rahat ol 2 xal sənindir”. Mən də buna çox sevindim. 1 xalı gördükdən sonra öz məşqçilərimizə siz də etiraz edin dedim. Qərardan sonra xalça üzərində tək qaldım. Məşqçilərimiz də mənə dəstək məqsədilə yanıma gəlməli idilər. Amma bunu etmədilər. Bu bizim güləşimizə yaraşmır”.