“Vəliqulu, bu gün bir az bikefə oxşayırsan?”
Vəliqulu bir savab vermədi. Xudayar bəy genə başladı:
“Neylək, ürəyini sıxma. Dünya işidi, elə də olar, belə də olar. Mən bilirəm niyə bikefsən.
Amma neyləmək, allah ananın atasına nəhlət eləsin! O bizim hamımızı dilxor eləyibdi”.
(Mirzə Cəlil)
İki sarsaq və bekar cavan kəndlərimizdən birinin qızlarına söz atıblar, deyiblər biz bu kənddən qız istəyirik. Sonra bunu götürüb internetdə, sosial şəbəkədə-zadda yayıblar. Kəndlilər də milli qeyrətimizin keşiyində ayıq-sayıq durduqlarını, daim sosial şəbəkələrə nəzarət elədiklərini sübuta yetiriblər, həmin cavanları axtarıb tapıblar! Hüquq-mühafizə orqanlarımızın məşəqqətli əməyinin də, deyir, bunda böyük rolu olmuşdur. Əlqərəz, kəndlilər cavanların qulağını dartaraq üzr istəməyə məcbur etmiş, bunu da çəkib internetə qoymuşlar. Vallah, halal olsun. Hökumət hər dəfə “Azərbaycanda ifadə azadlığı var, əhalinin 170 faizi internetə sərbəst çıxış imkanı əldə etmişdir” deyərkən məhz bu cür şeylərə əsaslanır. Kino sənayemiz bərbad gündədir, yoxsa bu əhvalatdan, Azərbaycan kəndlilərinin quldurlarla mücadiləsindən yaxşı film çıxardı. Yapon rejissoru Akira Kurosava müəllim ötən əsrin 50-ci illərində “Yeddi samuray” filmini təxminən elə bu cür kəndlilərin ictimai-siyasi, qeyrətli-namuslu həyatından çəkmişdir.
Hadisədən ibrət götürəcəyimiz cəhətlər, detallar, istiqamətlər isə çoxdur. Necə deyərlər, şübhəsiz burada ariflərə işarələr verilmişdir. Örnək üçün, biz artıq anlamalıyıq ki, internet üzərindən azərbaycanlıları təhqir eləmək olmaz. Ümumiyyətlə bizə sözlə sataşmaq xatalıdır, əməllə sataşırsansa başqa, o heç kimin vecinə deyildir. Bunun da tarixi kökləri var, biz sözə çox böyük əhəmiyyət veririk, kim yaxşı boşboğazlıq eləsə başına and içirik, hətta bunu bilən hiyləgər klassik şairlərimizdən biri özünə “çoxdanışan, zəvzək” mənaları verən bir sözü təxəllüs götürmüşdür. İstəyirsən belimizə min, istəyirsən ağzımızı cır, təki söymə. Biz söyülməkdən çox inciyirik. Bunun ata sözü də var bizdə, deyir qılınc yarası sağalır, söz yarası sağalmır. O üzdən bu saat klinikalarımız söz yarası almış yüzlərlə pasientlə doludur, həkimlər çaşıb bəzilərinin söyülən yerini səhv kəsirlər, adam dərddən ölür. Qılınc, bıçaq, balta, dəhrə yarası mənasız zərbə olduğundan biz bunları adətən İranda-Turanda müalicə etdiririk – öz təbiblərimiz ancaq söz yarasına baxırlar, başqa işə vaxtları qalmır.
İkincisi, əgər özünə qız axtarırsansa, canın çıxsın el adətlərimizə, milli dəyərlərimizə, mentalitetimizə hörmət qoy. Elçi göndər, ağbirçəklər tumanlarının ətəyini toplayıb məşvərət eləsinlər, ağsaqqallar bir vedrə çay içsinlər, qulağı qırmızılı toğlu kəsilsin, nə bilim, xınayaxdı, döyməvurdu, gəlingördü, bəymindi, qudaverdi, qayındurdu, yeznəvurdu və sairə zəruri mərasimlər keçirilsin. Yoxsa camaatın qızı küçəyə tökülməyib.
Üçüncüsü, əlaqədar orqanlar yaxşı olar gənclərin regionlarda təzə açılan “Gənclər evi”nə, Dost Mərkəzlərinə, ASAN-xidmətə və sair obyektlərə cəlb olunması işində fəallıq göstərsinlər. Çünki bütün axmaq hərəkətlər avaraçılıqdan doğur. Fransız mütəfəkkiri Laroşfuko demişkən: “Bekarçılıq bütün qəbahətlərin anasıdır”. Sözgəlişi, mən bu yaxınlarda 10 min kitabı üçün “Oxu evi” açmağı xahiş edən sakin Osman Sərkərov haqda “Yuxusunda kitabxana görən azərbaycanlı” adlı yazı vermişdim. O adam elə bu hadisələrin cərəyan elədiyi kənd tərəfdə yaşayırdı. Əgər o kitabxana açılsa, gənclər orada əyləşib Anar müəllimin Təhminə, Zaur, Spartak kimi qeyrətli, milli obrazlarından həyat dərsi alsalar, heç indiki axmaq videolar da ortaya çıxmaz, bizi Qarabağ dərdimizdən uzaqlaşdırmazdı.
Dördüncüsü, rabitə sferasına baxan, internetə nəzarət edən orqanlarımız da gərək burada hansısa filtrlər tətbiq eləsinlər, kənd, şəhər, qəsəbə, oba, məhəllə, küçə, rayon, mikrorayon, makrorayon sakinlərimizin qız-gəlinlərinə pis müraciətləri kökündən təmizləsinlər. Məsələn, xaricdə internetdə belə filtrlər olur, kim “bomba, öldürmək, terror”-zad sözlərini məktubunda, statusunda yazırsa dərhal xüsusi xidmət orqanlarının diqqətinə düşür. Bizdə də “qız istəmək”, “var-yox”, “peysər”, nə bilim, “qeyrət-namus” kimi sözləri proqramlaşdırmaq lazımdır.
Nəhayət? rus sektoru, rus dilli məktəblərimiz həm də bu səbəbdən lazımdır ki, gənclər dili öyrənib qız axtarmağa Rusiyaya getsinlər, burada əhali ilə oynamasınlar. Heysiyyatımızla.