Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub.
Sakinlər APA-ya bildirilib ki, bu gün saat 19 radələrində qaz kəsilib. Bir saat sonra isə binalara qazın verilişi yenidən bərpa olunub. Bu vaxt qazdan kəskin qoxu gəlib. Bu qoxu kütləvi zəhərlənməyə səbəb olub.
Məlumata görə, dörd binada yaşayan sakinlərdən 100 nəfərə qədəri zəhərlənib. Hadisə yerunə ilkin olaraq 30-a yaxın təcili tibbi yardım briqadası cəlb olunub. Eyni zamanda sakinlər özləri də şəxsi avtomobillərlə xəstəxanalara müraciət edirlər.
Hadisə yerinə Qaradağ rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da gəlib.
İcra başçısı APA-ya bildirib ki,özü məsələ ilə məşğuldur: “Rayon hüquq-mühafizə orqanlarının, eyni zamanda “Azəriqaz”ın rayon idarəsinin məsul şəxsləri də hadisə yerindədirlər. Araşdırma aparılandan sonra ətraflı məlumat veriləcək”.
Hadisə yerində olan “Azəriqaz” İstehsalat Birliyinin Qaz Satışı İdarəsinin rəisi Vaqif Namazovun bildiridiyinə görə, ilkin araşdırma zamanı təbii qaza vurulan aderant maddəsinin miqdarının qədərindən artıq olduğu müəyyənləşdirilib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları da hadisə yerinə gəliblər. Onlar ərazidə radioloji, kimyəvi, bioloji, bakteroloji səyyar mobil laborotoriya quruşdırıblar və araşdırmaya başlayıblar.
Hadisə yerində gəlmiş təcili tibbi yardımın həkimlər isə bildiriblər ki, aderantın yaratdığı zəhərlənmə öldürücü deyil. Bu zəhərlənmə xəstədə halsızlıq, başgicəllənmə və ürəkbulanması yaradır, ilkin tibbi yardım göstərilməsindən sonra isə xəstənin vəziyyəti normallaşır.
18 nəfər Taksikoloji Mərkəzə aparılıb, onlardan biri hamilə qadındı
Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasından musavat.com-a verilən məlumata görə, hazırda 18 nəfər Lökbatan sakini Taksikoloji Mərkəzə aparılıb. Onların içində bir nəfər hamilə qadının olduğu deyilir.
Stansiyadan onu da deyiblər ki, Lökbatanda 15-ə yaxın təcili yardım briqadası çalışır. Xəbərdə o da bildirilir ki, vəziyyət həddən artıq kritikdir. Təcili Tibbi Yardım Stansiyasından verilən xəbərdə daha sonra bildirilir ki, Bakının Yasamal, Səbail, Qaradağ və başqa rayonlarının təcili yardım briqadaları Lökbatana göndərilib. Stansiyadan zəhərlənənlərin arasında ölən olmadığı bildirilib.