Ötən həftə ATƏT-in Minsk Qrupunun həmsədrləri bölgəmizi gen-bol dolaşdılar. Əsl qış turnesi oldu, havalarını yaxşıca dəyişdilər. Yəqin səfər təəssüratları da zəngin oldu, fürsət düşdükcə danışarlar… evdəkilərə.
İllərdir bölgənin ən ciddi probleminin həllini üzərinə götürən missiya barədə nəyə görə bu qənaətdəyəm, yəqin ki, prosesi izləyən hər kəs yaxşı bilir. Məsələ burasındadır ki, biz onlardan dərdimizə dəva gözlədiyimiz halda, durub gəliblər ki, “dəvə gətirmişik”, yəni təmas xəttini müşahidə edən daha 7 müşahidəçi ayrılacaq. 25 ildən sonra Qarabağla bağlı “irəliyə doğru” atdıqları addım bundan ibarətdir. Belələrinə turist adı qoymayıb da, nə edəsən?
Bu missiyanın yarıtmazlığı növbətə dəfə elədəfəki səfərdə təsdiqləndi. Təsəvvür edin, həmsədrlər İrəvanda səfəri başa vurub, Xankəndinə gedir, məlum olur ki, Armen Sərkisyan bir gün əvvəldən Qarabağa gəlib. Bu, həmin Armendir ki, Ermənistanın Böyük Britaniyada səfiridir və mart ayında Serj Sərkisyan onu prezident kürsüsünə oturtmaq istəyir.
Burda deyiblər, “xoruzun quyruğu görünür”. Bu adam hələ prezident olmamışdan beynəlxalq hüququ ayaqlar altına atdı, qeyri-qanuni olaraq Azərbaycanın ərazisinə soxularaq, qanunsuz rejimin cinayətkar rəhbərliyi ilə görüşdü. Düzdür, əvvəldən elan etmişdi ki, prezidentliyə namizəd olub-olmayacağı barədə qərarını erməni diasporu, Ermənistandakı siyasi partiyalar və… Qarabağ “hökuməti” (!) ilə görüşüb-məsləhətləşəndən sonra verəcək.
Özü də həyasızlığını o qədər açıq şəkildə nümayiş etdirdi ki, heç həmsədrlərin gəlib-qayıtmasını, “aranın sakitləşməsini” gözləmədi, hətta onları qabaqladı da. Bəlkə də belə yaxşıdır. Budan sonra kimsə bu Sərkisyanın əvvəlki Sərkisyandan fərqləndiyi, danışıqlarda uğurların mümkünlüyü barədə nağıllar danışıb başımızı xarab etməzlər. Ermənistanın yeni prezidenti hələ ölkənin başına keçməmiş Qarabağla bağlı mövqeyini ortaya qoydu. Hətta utanmazcasına Xankəndidə brifinq keçirərkən Qarabağ məsələsinin dinc yolla həll olunması zərurətindən də dəm vurdu. Adam durub başqa ölkənin ərazisinə gəlib, caniləri başına yığıb onlardan xeyir-dua alır, deyir, bu ərazilərin ilhaqını sülhlə yekunlaşdırmaq lazımdır.
Zatən, düşmən ölkənin siyasət adamlarından normal bir gözləntimiz yox idi. Onların içərisində Qarabağ probleminin güzəştli həllini istəyən Ter-Petrosyanla Seyran Ohanyandır ki, bunlar da Xocalı soyqırımını törədən əclaflardır. Məşhur misal var, “itin quyruğunu kəsməklə qoyun olmaz”. Budur, bir Sərkisyan (Serj) postunu o biri Sərkisyana (Aram) təhvil vermək ərəfəsindədir, hər ikisi eyni havanı çalır. Serj Sərkisyan Avropa Şurası Parlament Assambleyasının tribunasından bəyan etdi ki, “Qarabağ müstəqil olacaq”. Onun ardıcılı da təbii ki, eyni həyasızlığı nümayiş etdirəcək.
Yəqin xatırlayırsınız, Minsk Qrupunun həmsədrləri iki il əvvəl AŞPA-ya müraciət etdilər ki, Qarabağın işğalına dair qətnaməni qəbul etməyin, bu, sülh prosesini poza bilər. Nəticəsi nə oldu? Sülh prosesini elə iki ay sonra erməniləri pozdular – aprel təxribatı ilə. Azərbaycan işğalçının cavabını verəndə yenə də ermənipərəst qurumlar ayağa qalxdılar ki, məsələnin yeganə həlli var, o da sülh yoludur. Məhz bunun nəticəsidir ki, Sərkisyan AŞPA tribunasından “Qarabağın müstəqilliyindən imtina etməyəcəyik” bəyanatını səsləndirdi.
Armen Sərksiyan bununla erməni diasporu və erməni kilsəsi qarşısında isbatlamaq istəyir ki, Qarabağı heç zaman güzəştə getməyəcək. Nə kilsə, nə də erməni diasporu Qarabağdan vaz keçən deyil, bunu hər birimiz bilməliyik. Yəni bir Sərksiyanın digərini əvəz etməsi ilə heç nə dəyişməyəcək.
Dövlət və millət olaraq qərarımızı verməliyik. Biz Qarabağı istəyirik, ya yox?! Bəzi təxminlərə görə, Azərbaycandakı prezident seçkiləri Qarabağ məsələsinə görə önə çəkilib. Təki belə olsun! Bu gün bizim ən ciddi problemimiz Qarabağdırsa, digər bütün məsələləri bir kənara qoymaq olar. Təki torpaqlar işğaldan azad edilsin.
Ermənilər Xocalıda şadlıq evi tikir. Bizi soyqırım etdikləri yurd yerimizdə! Biz Azərbaycanlıların soyqırımının 100 illiyinə, Xocalı soyqırımının 26-cı ildönümünə hazırlaşırıq, ermənilər Xocalıdakı şadlıq evinin qırmızı lentini kəsməyə! Dözülməzdir. Danışıqları “Stop!” deyilməlidir…
Şəhidlər Xiyabanında Xocalıda qətl edilmiş 5 yaşlı uşağın məzarı var. Naməlum məzar. Bəlkə də o çocuğu tikilən restoranın yerində öldürüblər…