“Qarabağ”ın Madrid “Atletiko”su ilə ikinci heç-heçəsinə görə ölkəmizdə yüz minlərlə azarkeş sevindi, elə bir o qədəri də yanıldı.
Açığı, hamı elə birinci oyunda 3:0-lıq məğlubiyyətin halallığını vermişdi, deyirdilər, “Atletiko” “Qarabağ”a 3 qol vursa, hesab edərik ki, bərabərə qurtarıb. Çoxları qorxurdu ki, birdən “Çelsi” vaqiəsi təkrarlanar.
Amma “Qarabağ” gəldi, birinci oyunda “Atletiko” ilə qolsuz heç-heçə etdi. Proqnoqzlarımız doğrulmadı, amma ovqat buydu ki, bədbin proqnozlar cəhənnəmə doğrulsun, heç doğrulan günü olmasın, əsas odur ki, ürəkaçan nəticələr alınsın.
“Qarabağ” Madridə “Atletiko” ilə təkrar görüşə gedəndə isə çoxları deyirdi ki, bu dəfə variant yoxdur, “Atletiko” azı iki dənə vuracaq. Fikir verirsinizsə, “Qarabağ”ın buraxacağı qol 3-dən 2-yə enmişdi, çünki Ağdam klubu artıq start həyəcanını dəf etmişdi, əmin idik ki, London haqq-hesabı bir daha təkrar olunmaz.
Gerçəkdən də hiss olunur ki, “Qarabağ”ın “Çelsi”yə böyük hesablı məğlubiyyəti sırf start həyəcanı üzündən, güclü rəqibin ad-sanı qarşısında təlaşa düşüb vahimələnməkdən, ÇL təcrübəsi olmamaqdan doğub. Həmin “Çelsi” dünən “Roma”ya biabırçı hesabla (0:3) uduzdu. İndi baxarsınız, “Roma” Romada “Qarabağ”ı 3:0 hesabıyla uda bilməyəcək.
Xüləs, azarkeşlərimiz bu dəfə də azı 2 qolun halallığını vermişdilər, “Qarabağ” Madriddə uduzub gəlsəydi də, mövzunu “canınız sağ olsun”la başlayıb-bitirəcəkdik.
Amma “Qarabağ” neynədi? “Qarabağ” “Atletiko”nu karıxdırdı, məşqçi Simoneni cin atına mindirdi, madridliləri stadiona gəldiklərinə peşman etdi və azərbaycanlıların proqnozunu yenə yanıltdı.
Əlbəttə, yenə cəhənnəmə olsun elə proqnozlar. Amma nəzərə alaq ki, “Qarabağ”ın məğlubiyyətinə pul qoyan, “Topaz”la mərcə girən həmvətənlərimiz də olub və onlar təbii ki, uduzublar. Əminəm ki, “Qarabağ”a görə pul uduzanların da əksəriyyəti deyiblər, cəhənnəmə olsun o 5 manat (təbii ki, 5 min uduzan o sözü deməz), əsas odur ki, “Qarabağ” uduzmasın.
Bu işlər belədir. “Atletiko” ilə iki heç-heçə çox ibrətlik hadisə oldu. Təsəvvür edin ki, iki oyunun nəticəsinə görə “Qarabağ” “Atletiko”nu yenmiş oldu. Çünki onlar bu oyunları pley-off mərhələsində oynasaydılar, “Qarabağ”ın oyunçuları meydandan gülə-gülə çıxacaqdılar, “Atletiko”nun futbolçuları isə üzü üstə yaşıl qazona uzanacaqdılar. Qrizman Qodinə deyəcəkdi, dur, qardaş, dur, bu Land of Firedən gələnlər yaman od qoydular bizə. Simone gedib soyunub-geyinmə otağında başını şkafa vuracaqdı. Onsuz da əsəbi adamdır, güman ki, elə də edib.
Bax, biri də gedib “Sabah” qəzetinin futbol yazarı Mövlud Tezele deməlidir ki, biradər, o “əzik xoreoqrafi” söhbəti nə oldu, gördün, “Atletiko”nun azarkeşlərinin xoreoqrafiyası əlaydı, amma oyunçular da əzik duurma düşdülər, azarkeşlər də.
Bu hadisə bizimkilərə də dərs olmalıdır. Bir şey olmamış deyirlər: “Qapımızı dolduracaqlar”, “Bizi aşsüzənə döndərəcəklər”, “Baxarsınız, ”Roma” daşımızı daş üstə qoymayacaq”, “Görərsiniz, ”Çelsi” bizə nə edəcək” və sair və ilaxır. Gəlmişdilər, gördük.
Yəni çox da özümüzü aşağı, əzik, zəif tutmayaq. Bizi istəməyənlər, böyük hesabla uduzmağımızı, rəzil olmağımızı arzu edənlər onsuz da çoxdur. Biz onlara niyə qoşulaq ki?
Düzdür, yekə-yekə danışmaq da bir şey deyil. Gördüyünüz kimi, Qurban Qurbanov heç vaxt “meydanda fırtına qoparacağıq”, “Aslanlar kimi döyüşəcəyik”, “meydana yalnız qələbə üçün çıxacağıq”, “3 xal bizlikdir” deyib çıxmır. Təvazökar danışır, rəqibə hörmət qoyur, nəticə qazananda da sakitcə baxır.
Yeri gəlmişkən, Qurbanın Konte və Simone kimi komandası qol vuranda özünü ülgücləməməsi şəxsən mənə xoş gəlir. Əsl məşqçi elə olar. Yoxsa o nəydi, Simone əkə-bükə dirijorlardan çox əl hərəkəti edir, atdanıb düşür, başını tutur, ikiqat olur. Mourinyo da özünə əl qatır, sifətində elə bir ifadə olur ki, sanasan, dünyanın borcunu belinə yığıblar. Konte daha betərdir.
“Atletiko” ilə oyun barədə ən maraqlı fikri sosial şəbəkə istifadəçilərdin biri yazmışdı, kəsib yadigar saxlamalı sözdür: “Atletiko” azarkeşləri ildə 20 milyon verdiyimiz reklama görə Azərbaycanı tanımamışdılar. İndi illərlə yadlarından çıxmarıq”.