Belə getsə bizim futbolsevərlər “azarkeş” terminini italyanların “tiffozi”sindən, ingilislərin “fan”ından daha populyar edəcəklər.
Son vədələr dəb olub, “Qarabağ” və ya milli komandamız atılan püşkə görə hansı komanda ilə rəqib olursa, bizim azarkeşlər həmin komandanın saytına girib “tiffozi”lik edir, söyüş popurrisi yağdırırlar. Rəqiblərimiz çaş-baş qalırlar: nə etsinlər, neynəsinlər, günahları nədir?
Doğrudan da söyüşcül azarkeşlərimizin məqsədini, məramını anlamaq çətindir. İndi necə olsun, hansı komanda ilə oynayacağıqsa, onlar meydana çıxmasınlarmı, texniki məğlubiyyət alsınlar, biz də bu minvalla, oyun oynamadan finala çıxaq, çempion olaq?
Birdəfəlik bilmək lazımdır ki, azarkeş təsirini nəzərdə tutaraq deyilən “12-ci oyunçu” məsələsi boş söhbətdir. “Barselona” kimi komandalarla istəyirsən beş yüz min azarkeşin qabağında oyna və 22-ci oyunçunun da köməyindən istifadə et, xeyri yoxdur, qulaqlarını tıxayıb top qovacaqlar.
Çılğın azarkeşliyə qalsa dünya və Avropa çempionu titulunu həmişə ya italyanlar, ya da ingilislər qazanardı. Hərəsinin bir sürü dəlisi var.
Ümumiyyətlə futbol qəliz oyundur. Onda konkret qələbə düsturu yoxdur, varsa da çox qəlizdir, komponentləri çoxdur.
Məsələn, futbolda qələbəni sürətli qaçmaq bacarığı təmin etsəydi, hər il keçirilən qaçış yarışlarıda medalların yarısını alan yamaykalılar meydana nəinki 11, hətta 111 nəfər 100 metri 10-11 saniyəyə qaça bilən futbolçu çıxara bilərlər və hamını udarlar.
Yaxud top çiləməyə, topla jonqlyorluq etməklə qələbə qazanmaq mümkün olsaydı, braziliyalıların qarşısında heç kim dura bilməzdi. Sambaçılar topu ayaqlarında, dizlərində çiləyə-çiləyə, peysərlərində səkdirə-səkdirə hər oyunda 7-8 qol vurardılar. Amma 2014-də almanlar getmişdilər də, gördük.
Futbol bir siyasət oyunu olsaydı, yəni futbolda siyasət işlədərək qələbə qazanmaq mümkün olsaydı, şeytana papış tikən ingilislər həmişə çempion olardılar, 1966-cı ildə bizim Tofiq Bəhramovun hesabına qazandıqları çempionluğu hər iki ldən bir qazanırdılr.
Qələbə qazanan komandaları yamsılamağa qalsa, çinlilərin qabağında kim dura bilər? Vallahi, bütün oyunçuları birəbir kopyalaya bilərlər. İstəsələr komandalarını başdan-başa Messi, Neymar, Ronaldo kimi oyunçulardan düzəldərlər, amma “kitayski” messilərlə qələbə qazanmaq mümkün deyil.
Qələbəni çılğınlıqla qazanmaq mümkün olsaydı, ispanlar italyanları döyə-döyə hər dəfə özləri çempion olardılar.
Futbolu ürəkdən sevməklə çempion olmaq mümkün olsaydı, fransızlar topu öpə-öpə oynardılar.
Futbol bir intellekt oyunu olsaydı, yəhudilər hər mundialda çempion olmazdılarmı? Olardılar. Onlarda Eynşteyn çoxdur. Qızıl xrdalaya-xırdalaya oynarlar, qızıl medalları da qamarlayarlar.
Futbol oynamaq müharibə etmək qədər asan iş olsaydı, əfqanlar və ərəblər indiyədək pentakampeon olardılar, bütün rəqiblərini partladardılar. Ən azı hiddət və hikkədən…
Hələ yaponlar… düyməyə dünyanı sığdıran yaponlar yüz cür super kompüterdən, EVM-dən istifadə edirlər, amma futbolda qələbə qazanmağın sirrini çözə bilmirlər. Çünki futbol bir nanotexnologiya oyunu deyil.
Futbol əyləncəli idman növü olsaydı, hindistanlılar rəqs edə-edə, çəmənlikdə yumbalana-yumbalana, oxuya-oxuya oynayardılar. Amma yarım milyard kişidən 11 nəfər futbolçu düzəldə bilmirlər.
Futbolda qələbəni iri cüssəylə, yekəpərliklə qazanmaq mümkün olsaydı, ikimetrlik hollandların və nigeriyalıların qabağında kimsə dura bilməzdi. Eyzən finalda ikisi qarşılaşardı.
İndi ərəb şeyxləri futbola milyardlar yatırır, amma futbol pul-para oyunu da deyil. Elə olsaydı, təkcə hərbi büdcəsi yarım trilyon dollardan artıq olan ABŞ 10-15 milyard dollarla bu işi həll edərdi.
Bir sözlə, futbol nə siyasətdir, nə intellektual oyundur, nə əzələ, nə iti ayaqlar, nə jonqlyorluq, nə təqlidçilik oyunudur. Burada nə aşırı futbol sevgisi, də də ən yeni texnoloji vasitələrdən istifadə edərək proqramlaşdırma rol oynamır.
Futbolda bu komponentlərin hamısnın rolu var, amma onun sirrini, aşağı-yuxarı almanlar çözüb.
Futbol qeyrət və əzm oyunudur. Həroyunda təpər göstərən, qeyrətli oynayan, əzmkarlıqla mübarizə aparan qalib gəlir.
Ona görə də azarkeşlərimizin rəqib komandaların saytlarına girib söyüş yazmağasrf etdikləri enerji və qeyrətin yarısını futbolçularımız meydanda ortaya qoysalar problem olmayacaq.