Noyabrın 22-də Bakıda “Atatürk və türk milləti” adlı elmi konfrans işə başlayır. Excelsior Hoteldə 2 gün davam edəcək koknfransın təşkilatçıları Azəri-Türk Qadinlar Birliyi və Azərbaycan Türkiyə Evidir.
Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlının “Yeni Müsavat”a verdiyi xəbərə görə, hazırlıq işləri artıq tamamlanıb: “Konfransa 9 ölkədən çağdaş türk tarixini, cümhuriyyət dönəmi Türkiyəsini araşdıran 17 alim dəvətllidir. Onların hamısı artıq Bakıdadır. Bundan başqa, tədbirə Azərbaycandan bir sıra tanınan elm adamları, ictimai xadimlər, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri qatılacaq”.
Tənzilə Rüstəmxanlının sözlərinə görə, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk bütün türk dünyasının ortaq dəyəri olduğu üçün onun həyatını və mücadilə yolunu öyrənmək və yeni nəsillərə ötürmək türk aydınların vəzifəsidir. Bu məqsədlə Bakı konfransında təqdim edilən elmi məqalələr qısa zamanda kitab halında dərc ediləcək.
Konfransın son günü qonaqlar Qubaya gedəcək, 1918-ci il soyqırıb qurbanlarının kütləvi məzarlığını ziyarət edəcək.
musavat.com