Bakıda nişanlısına qətlə yetirməkdə təqsirləndirilən Nəcəf Məcidovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Nəcəf Məcidov bildirib ki, səhhətində ciddi psixi problemləri var:
“Hərdən anlaqsız oluram. Müalicə olunmağıma ehtiyacım var. Bunu deməkdə məqsədim cəzadan yayınmaq deyil”. O, həmçinin qeyd edib ki, işdə bir sıra qaranlıq məsələlər var. Hakim deyib ki, təqsirləndirilən şəxsin xəstəliyi ilə bağlı məsələ məhkəmə istintaqı zamanı araşdırılmalıdır.
Məhkəmə növbəti prosesi iyulun 6-da keçiriləcək. Qeyd edək ki, bu ilin martın 4-də Bakının Binə qəsəbəsində nişanlısını qətlə yetirdikdən sonra qaçan 31 yaşlı Nəcəf Məcidov hadisədən bir həftə sonra yaxalanıb. Hüquq-mühafizə orqanları 26 yaşlı nişanlısı İlahə Ağayevanı bıçaqlayaraq öldürən, onun bacısı Rəhiməyə də xəsarət yetirən Nəcəfi müxtəlif yerlərdə axtarsa da, onu elə Binə qəsəbəsində yaxalaya bilib. Məlum olub ki, Nəcəf Məcidov məlum qətli törədəndən sonra tutulmamaq üçün evə getməyib. O, telefonunu söndürüb. Bu müddətdə Binə qəsəbəsində yaşayış olmayan yarımçıq tikililərdə və dükanlarda qalıb. Qətlin təfərrüatlarına görə isə, Binə qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü İlahə Ağayeva nişanlısı Nəcəf Məcidova üzüyü geri qaytarmağı barədə xəbər göndərib. Səbəb isə oğlanın tüfeyli həyat keçirməsi olub. Bundan sonra Nəcəf Məcidov tələb edib ki, keçmiş nişanlısı onunla görüşsün. Qız bunu qəbul etmədikdə, Nəcəf gecə saatlarında onun evinə gedərək boğaz nahiyəsinə bıçaqla bir neçə zərbə vurub. Hadisənin qarşısını almaq istəyən İlahə Ağayevanın bacısı 1997-ci il təvəllüdlü Rəhimə Ağayeva isə bədən nahiyəsindən iki bıçaq zərbəsi alıb. Nəticədə İ.Ağayeva hadisə yerində ölüb. Rəhimə Ağayeva isə xəstəxanaya yerləşdirilib.