Milli Şuranın 12 avqust mitinqinə YAP-dan gələn reaksiyalara baxın. Biri deyir aksiyada yenə həminki adamları görüb, başqası iddia edir ki, əgər seçkilər total saxtalaşdırılmışdısa, niyə aksiyaya yüz minlər yox, 10-15 min adam qatılıb. Əcaib yanaşmalardır. Əvvəla, necə olur ki, parlament, ya hökumət 15-20 il “həminki adamlardan” ibarət olanda bu, normal qəbul edilir, amma səs oğurluğuna qarşı çıxan adamlar “həminki” olduğuna görə qınanır? Bəlkə Cəmil Həsənliyə verdiyi səslərinin saxtalaşdırılmasına görə bütün ölkə vətəndaşları “Məhsul” stadionuna gəlməliymiş?
Obama Suriya əməliyyatlarına başlaya biləcəyini elan edəndə Amerika boyda dövlətin 30-40 vətəndaşının Ağ Ev qarşısında piket keçirməsi bəs elədi ki, dünyanın, ABŞ hökumətinin, beynəlxalq medianın diqqətini cəlb eləsin. Vətəndaşının rəyinə hörmət edən ABŞ prezidenti Suriya əməliyyatını həm də ictimai rəyi nəzərə alaraq dondurdu. Əslində bu gün müxalifətdən çox YAP-ın bəzi təmsilçilərinin özlərində meydan eyforiyası qalıb. Düşünürlər ki, mitinq keçirilirsə, gərək meydana 88-89-cu illərdəki kimi 1 milyon adam gəlsin. Əgər həqiqətən də 12 oktyabr mitinqinə 1500 nəfər gəlmişdisə, müxalifətin sosial dayağı yoxdursa, əraziyə o qədər polis qüvvəsini, mülki geyimliləri yeritməyə nə ehtiyac vardı? Mitinqçinin sifəti qana bulaşdırılmış fotosunun dünya mediasına çıxarılmasını görəsən hansı hakimiyyət ideoloqu arzulayırmış? Maraqlıdır, görən burada məqsəd nə imiş, yalnız xof yaratmaq? Axı beynəlxalq təşkilatlar 9 oktyabr günündən bəhs edərkən daha çox seçkinin dinc şəraitdə keçməsini, qarşıdurmaların olmamasını mühüm amil kimi qeyd edirdilər. Elə isə hakimiyyətin faydasına işləyən bu amilin üstündən kim qara xətt çəkməyə qərar verib görən?
Bu günlərdə başqa təəccüblü olayların şahidi olduq. Birilərini ərz edək: Əvvəla, seçkiləri daha az saxtakarlıqlarla keçirtmək olardı ki, YAP-ın namizədi 50-60 faizlə də olsa, qələbəsini təmin etsin. O halda bəlkə ATƏT müşahidəçiləri də Cəmil Həsənliyə 20-30 faiz səs yazılmasını “irəliyə doğru addım” sayıb üstündən keçərdi, ABŞ-dan da sərt bəyanat gəməzdi. Ancaq hakimiyyət ideoloqları elə vəziyyət yaratdılar ki, amerikalı televizionçu belə seçkini ələ salaraq “heç İsa Məsih də 85 faiz səs toplaya bilməzdi” söylədi. İkincisi, hakimiyyət mənsublarının ATƏT-in seçki müşahidəçilərinin tədbirində dava salıb aranı qarışdırması da növbəti biabırçılıq və hakim düşərgənin əleyhinə faktdır. ATƏT nümayədələri bir tədbir keçirə bilmədiyi ölkədə müxalifətin varlığına, üstəlik seçkidən sonra mitinq keçirməsinə yəqin ki, heyrət edib. Üçüncüsü, 12 oktyabr mitinqindən sonra gənclərə qarşı zor tətbiqi də hakimiyyətin əleyhinə işlədi. Bu fakt da yekun hesabatlara yazılacaq, pislənəcək. Bu kadrların dünyaca məşhur Euronews telekanalında yayımlanmasınımı istəyirmişlər? Deyəsən axı hakimiyyət daxilindəki hansısa “müxalif qüvvə”dir bütün bu işlərin “fətva”sını verən. Bəlkə də üçüncü dönəmdə komandada yer almayacağını yəqin edənlər, 1-cinin başının daha çox qarışması üçün hərəkətə keçib…
Qayıdaq mitinqsonrası tuthatut və vurhavura. Bu günlərdə ermənilər bütün cəbhəboyu mövqelərimizə güllə yağdırırlar, hakimiyyət susur. Ermənilər 1 əsgərimizi yaraladılar, dinmədik, elə mitinq günü Ermənistandan atılan mərmi Tovuzda bir evi darmadağın etdi, yenə reaksiya yoxdur. Ancaq 12 oktyabrda əlini ürəyinin üstünə qoyub himnimizi şövqlə oxuyan, “Koroğlu” üvertürasının sədaları altında “Azərbaycan” hayqıran gənclərin şüarlarına dözə bilmədilər. Niyə? Bu gənclər ermənidən də təhlükəlidir, yoxsa hakimiyyət Qarabağla müqayisədə daha şirin nemətdir?
Dövlət başçısı Bayraq Meydanını inşa etdirəndən sonra ölkənin 80 faizlik ərazilərində bayraqlar ucaldılır. Olsun, nəyi pisdir? Elə isə niyə 12 oktyabrda dövlət bayrağımızı əlində daşıyan gənc onlarla polisin qəzəbinə düçar olmuşdu? O xanımın dediyi kimi “düşmən bayrağıydımı?” Necə olur ki, 9 oktyabr axşamı, hələ seçki nəticələri elan olunmamış YAP-ın gəncləri Bakı küçələrində avtoşluq edəndə, addımbaşı qəza şəraiti yaradanda bu, “el şənliyi” olur, rəsmi qəzetlərdə bu görüntülər “bəh-bəh”lə yayılır, ancaq icazəli mitinqdən sonra davam edən 200 addımlıq yürüş zorakılıqla dağıdılır…