Bu lətifəni sosial şəbəkə dostlarımın səhifələrində gördüm, yadıma düşdü ki, məşhur türkiyəli satirik yazıçı Əziz Nesinin də buna bənzər mətnləri var.
İndi onları bir-bir yazım, sonra imkan olsa, mətləbə keçərəm. Lətifə belədir:
Bir gün gənc oğul ətrafda baş verənlərə, olub-bitənlərə baxaraq atasından soruşur: “Varlılar gözəl avtomobillərdə gəzib, villalarda yaşayıb, dünyanın ən yaxşı yerlərinə səyahət edə-edə yaşayacaq, sonda öləcəklər, bəs biz?”
Ata cavab verir: “Biz də “Jiquli”dən savayı maşın minməyib, daxmadan qeyri evlərdə yaşamayıb, bu ölkədən başqa heç yeri görməyib yaşayacaq, sonda öləcəyik”. Oğul dübarə soruşur: “Bəs ilahi ədalət?!”
Atanın növbəti cavabı belədir: “İlahi ədalət dediyin yalnız sondadır, oğlum”.
Əziz Nesinin “Taxtalıköydən məktublar” əsərində isə belə bir pritça var. Haşa üzünüzdən, iki eşşək olur. Biri istidə uzaq yoldan belindəki yüklə ləhləyə-ləhləyə gəlir, yaşıllıqlı bir bağa girir, görür ki, bay, başqa bir eşşək həyətdəki hovuzda çimib çıxıb, gölgədə şezlonqa uzanıb, sərin şərbət içə-içə, qəlyan çəkir, kefə baxır. Yorğun eşşək onun bu halını və ona yuxarıdan aşağı baxdıını görüb dözmür, oliqarx eşşyə deyir: “Nə özünü dartırsan? Sən də eşşəksən, mən də”. Şezlonqda uzanmış eşşək onun halına-halətinə işarə edərək deyir: “Düzdür, sən də eşşəksən, mən də, amma sən elə eşşəksən, mən belə”.
Yəni, fərq həmişə var. “Beş barmağın beşi də bir omaz” məsələsi…Baş brmaq olan yerdə çeçələ barmaq nə karədir ki…
Sözümün canı odur ki, bu ölkədə ədalət axtaran insanlar həmişə umsuq olurlar. Bu ölkədə “ədalət”in yalnız “əda”sı var, “lət”ini basmarlayıb yeyiblər.
Bəzən hansısa hadisə baş verəndə, bir pis adamın başına pis iş gələndə insanlar az qala kütləvi şəkildə buna “ilahi ədalətin təcəlləsi” deyirlər, amma bu məsələyə ədaləti yanaşma deyil.
Məsələn, bu günlərdə məşhur YAP-çı Eldar Sabiroğlunun oğlu Rüfəti heç nə üstündə (ona qalsa gərək daha 10 min adam tutulsun) tutub 9 il iş veriblər, Eldar Sabiroğlunun həyat və yaradıcılığına çoxdan bələd olan bir çoxları deyirlər, ilahi ədalət yerini aldı, atanın elədikləri balasının qabağına çıxdı.
Belə ədalət olarmı? Ali təhsilli hüquqşünas, vicdanlı hakim, bacarıqlı vəkil olası bir gənc nəyə görə türmədə yatmalıdır? Nə var, nə var, onun atası vaxtilə haqsız, ədalətsiz sözlər danışıb. Sabiroğlunun elə partiyadaşları, tay-tuşları var ki, dünyanın dörd bucağında villaları, ən bahalı maşınlardan ibarət qarajları var, övladları da ən gəlirli, perspektivli postlarda işləyirlər. Bəs ilahi ədalət niyə onlara yaxn düşmür? Bu, ilahi ədalət məsələsi deyil, ehtiyatsız hərəkət və danışıqlara saray tərəfindən verilən cəzadır.
Dünən baxıram ki, Eldar müəllim müsahibə verib, hər şeydən danışıb: “Ay, Müsavat divanında agentim vardı”, “Qabil Hüseynli mənə başqan müavini olmağı təklif etdi”, “YAP-ın ideoloji işlərinə mən rəhbərlik edirdim”, “Əliyev məni təriflədi, ertəsi gün barəmdə qara piar kampaniyası başlandı” və sair və ilaxır. Maraqlı müsahibədir. Hiss edirsən ki, o da ədalətə ümid edir, elə bilir ki, “prezidentə yanlış məlumat verənlər” bir gün sıradan çıxacaq və nəhayət, ədalət zəfər çalacaq, o, bəraət alacaq. Amma Qanuni Sultan Süleymanın vaxtında bu cür danışanların kəlləsini alırdılar. Saray o cür söhbətləri sevmir.
Ölkənin müxalifət partiyaları da ədalət axtarırlar. Sentyabrın 11-də hamılıqca yığışıb mitinqə gediblər. Uzun müddətdən bəri mitinq həsrəti çəkən, kütləvi aksiya təşnəsi olan insanların bir araya gəlməsi səbəbindən meydan dolub, tribunadakılar mitinqin kölgəsini uzun görüb səhv başa düşüblər və özlərini güclü bilərək bəzi hərəkətlər ediblər. İndi görürəm, sosial şəbəkədə belə statuslar paylaşılr ki, ədalətli olmadı, mitinqdə biz də vardıq, adımız çəkilmədi, mitinqimizə qatılmaq çağırışı edilmədi, üstəlik, bir gün əvvələ mitinq təyin edldi, mitinqdə bizə söz verilmədi və s.
Qardaşlar, siz pakistanlı əmək miqrantları deyilsiniz axı, bu ölkəyə yeni gəlmiş olasınız, adamları tanımayasınız. Buralar həmişə belə olub. Bu adamlar gəncliklərində də belə olublar, qocalıb çörəyə “pəpə” deyəndə də elə olacaqlar.
Bax, onda ilahi ədalət öz yerini alacaq. Ədalət hindistanlı polislər kimidir, həmişə lap axıda gəlir – heç kəsə lazım olmayanda, əhəmiyyəti qalmayanda.