Bakı metrosunda maraqlı anlar yaşanıb.
Bu gün Metronun 28 May stansiyasında sərnişinlər sürprizlə qarşılaşıb. Anidən ortalığa çıxan Şaxta baba və Qar qız Yeni il münasibətilə metronun balaca sərnişinlərinə kiçik hədiyyələr verib, bayramlarını təbrik edib.
Şaxta baba obrazında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin olması böyük maraqla qarşılanıb. Nəsimi Paşayev jurnalistlərə açıqlamasında Şaxta baba olmağın çox gözəl hiss olduğunu deyib:
“Biz istədik ki, balaca sərnişinlərimizi təbrik edək, onların Yeni il bayramlarına rəng qataq. Qərara gəldik ki, Şaxta baba və Qar qız obrazında metropolitenin əməkdaşları olsun. Məqsədimiz odur ki, sərnişinlərlə söhbət edək, onların irad və təkliflərini dinləyək”.
Nəsimi Paşayev kiçik hədiyyələrdən metronun işçilərinə də təqdim edib:
“Metropolitenin əməkdaşları 24 saat işləyirlər. Buna görə onlara da bu kiçik hədiyyələrlərdən veririk ki, öz övladlarını, nəvələrini sevindirsinlər”.
Qeyd edək ki, Qar qız obrazında metropolitenin xidmət şöbəsinin rəisi Lalə Babayeva olub.
Onu da əlavə edək ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bundan öncə mətbuata açıqlamasında bildirmişdi ki, qarşıda Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə digər tədbir və sürprizlər olacaq.
http://s019.radikal.ru/i631/1512/cb/14ea5a79bf32.jpg
http://s020.radikal.ru/i712/1512/cc/ef3b4732a2b7.jpg
http://s017.radikal.ru/i412/1512/6c/d8d57c1352eb.jpg
http://s019.radikal.ru/i613/1512/e4/ce8f8d2fd8ad.jpg