Bu günlərdə Rauf Arifoğlunu “Əməkdar Jurnalist” adını aldığı üçün hədəfə alanların arqumentlərini oxuduqca bilirsiniz yadıma nələr düşür? Mərhum prezident Heydər Əliyevi Bakıya dəvət edib birlikdə qiyamı yatırmaq, qiyamçıları susdurmaq üçün əməkdaşlıq təklif edənlərin sonradan vəzifəsini dondurmaları, hakimiyyətdən getmələri.
Sonra bilirsinizmi nəyi xatırlayıram: Müxalifətin MSK-nın toplantılarını boykot etmələri, daha sonra mandat qazanan siyasətçilərimizin seçicinin onlara verdiyi halalca mandatdan imtina edib partiya qərargahlarında qapanıb qalmalarını, daha sonra…Belə nümunələr yaxın-uzaq keçmişimizdə çox oldu, lap çox. Elə bunun məntiqi nəticəsidir indiki situasiya. Səhvlər kifayət qədər çox oldu…
Real situasiyanı dərk etməyə çətinlik çəkənlər Rauf Arifoğlunun sabiq səfir Steynar Gilə açıq məktubunu oxusun: “İndi Azərbaycan mediası tamamilə tək və yetim qalıb, artıq Bakıda Steynar Gil də yoxdur. Qərb paytaxtları İlham Əliyev hakimiyyəti ilə iş birliyini davam etdirir, onlara sanki Azərbaycanda müxalifət lazım deyil. ABŞ-ın, Böyük Britaniyanın radioları, televiziyaları bağlanıb, bəzi əməkdaşları istintaqa cəlb edilib. Onların hökumətləri hətta heç öz KİV-lərini qoruya bilmirlər…” Reallıq budur. Gil Avropadan bizim reallığı tam görməyə bilər, amma bizim dostların görməməsi, bu, ciddi qüsurdur…
Rauf Arifoğlu nə günah iş görüb ki? İllərdir rəhbərlik etdiyi qəzet iqtidar-müxalifət dialoqunun, barışın zəruriliyindən yazır, qızıl amnistiyanın verilməsindən, siyasi motivlərlə həbs olunanların azadlığa buraxılmasının dövlətimiz və millətimiz üçün fayda verəcəyindən bəhs edir. Bütün bunlardan sonra əgər ölkə prezidenti 180 jurnalistdən biri kmi onu da təltif edirsə, burda bəd niyyət axtarmağın yeri yoxdur. Baş redaktor o mükafatı qəbul etməklə sadəcə prinsiplərinə sadiqlik nümayiş etdirib. Barışı seçib, hətta onu bir vaxtlar həbs edən hakimiyyətlə də barışa hazır olduğunu nümayiş etdirib. Bəlkə də bununla öz reputasiyasını o qədər də nəzərə almayıb, ümummilli maraqları, ağır durumda on illərdir yaşayan müxalifətçilərin taleyini düşünüb. Bu cəmiyyətdə barış olacaqsa, o halda hər kəs ondan faydalanacaq. Eyni zamanda “Yeni Müsavat” da ayaqda qalacaq. Sadə vətəndaşdan tutmuş, imkanlı iş adamlarına, siyasətçilərə qədər haqları pozulanların istənilən vaxt qapısını döydüyü, dərdini dediyi 26 yaşlı bir qəzet! Özü də prezident mükafatı verəndə demədi ki, daha yazmayın. Əksinə, dedi gerçəkləri öyrənmək üçün mətbuatı oxuyuram. Yəni deyir mən sizi yazdığınız üçün mükafatlandırıram, yazmayacağınız üçün yox, elə isə yazın!
Rauf Arifoğlunun rəhbərlik etdiyi mətbu orqan bundan sonra yazmasa, o halda buyurub ittiham edərsiniz. Ancaq baş redaktor özü deyib ki, “imkanlar tükənsə və mən özümün və qəzetimin sifətini saxlaya bilməsəm, “qırmızı xətləri” gözləməyi bacarmasam, qəzetçilikdən istefa verib, media qrupumu ya satıb, ya da bağlayıb, kitablar yazacam, özümü ibadətə bir az da çox həsr edəcəyəm. Ancaq hətta o halda da ölkəmdən getməyəcək, emiqrasiya etməyəcəyəm”. Tam razıyam. Biz bu Vətəni atıb getməyəcəyik, dərd-səri, ağrı-acısı, çatışmazlığı ilə bizimdir. “Yeni Müsavat” yaşamalıdır, ən azı bizim “Azərbaycan Qarabağı işğaldan azad etdi” manşetini vermək əhdimiz var. Böyük amallar uğrunda mübarizədə xırda iddialar irəli sürüb qan qaraltmazlar. Özü də Qarabağ uğrunda savaş başalayacaqsa, onu Ali Baş Komandan İlham Əliyev verəcək. İmtinamı edəcəyik? Bəlkə bu gün hansısa müxalfiət lideri prezidentin imzaladığı sərəncam və fərmanları tanımır, ya məhz o imzaladığı üçün seçkilərə qatılmaqdan imtina edir? İndi nə oldu, bir baş redaktorun müstəqil dövlətinin başçısından bir medal alması bu qədər türklər demiş, “söz konusu” oldu? Rauf Arifoğlunun qəzeti illərdir dövlətə çağırış edir ki, istiqlalçı deputatlara “İstiqlal” ordeni versin, yüksək pensiya kəssin. Bu haqda qərar verilsəydi, almaqdan imtinamı edəckdiniz? O, sizə “İstiqlal” verdirmək istəyirdi, siz ona “Əməkdar”ı çox göprdünüz, təəssüf…
P.S.Rauf Arifoğlunun feysbuk səhifəsində bir foto var, məhbəsdə çəkilib. 4 yaşlı oğlu ilə birgə. Yazıb ki, həbs olunanda Ərhun danışa bilmirdi, ancaq artıq aylar keçəndən sonra danışır. Çox ağır mənzərədir. O fotoya baxmağın özü belə… Prezidentlə Rauf Arifoğlunun fotosunu yayıb ittiham edəndə hərdən məhbəsdəki həmin fotoya və üstündəki yazıya da baxın…