Buna deyərlər, ağını çıxarmaq. Təsəvvür edin, “Azadlıq” qəzetinin baş yazarı və gözəgörünməz baş redaktoru “Akif” Müsavat adı daşıyan qəzeti – “Yeni Müsavat”ı indi də Rusiya maraqlarına işləməkdə, Rusiyanı təbliğ etməkdə suçlayıb. Hələ üstəlik, bunu guya PA rəhbəri Ramiz Mehdiyevin təlimatı əsasında edirik kimi sərsəm iddiada bulunub.
Belə çıxır, Müsavat üzvləri də daxil, qəzet əməkdaşlarının hamısı Moskvanın uşaqlarıdır. O Müsavat ki, Milli Şuranı məhz qurumun rusiyayönlü xəttindən şübhələndiyi üçün tərk etdiyini hamı bilir. Son olaraq bu mövqeni partiyanın hazırkı başqanı Arif Hacılı Müsavat Məclisinin axırıncı toplantısındakı çıxışı zaman bir daha təsdiqləyib. Deyib ki, “Sədri, hətta fəxri sədri Rusiya vətəndaşı olan bir qurumda Müsavat qala bilməzdi”.
Baş redaktor Rauf Arifoğlu isə Milli Şura hələ təzə-təzə təsis olunanda onun bir Rusiya projesi olduğunu yazan ilk şəxslərdən olub. Rauf bəy Rusiyanın adamı idisə, onun kodunu, sirrini niyə açırdı, Kremlin Azərbaycan planlarını niyə faş edirdi ki? Məntiq varmı, cənab şurəvi? Yoxdur.
Yazır ki, guya biz qəzet olaraq Rusiya əleyhinə yazmırıq. Mübarək ayda da yalana qarşı pəhriz saxlaya bilmirlər. Moskva əleyhinə Azərbaycanda ən çox material dərc edən, mili maraqları daima göz önündə tutan qəzet necə olur ki? Elə bu yazının özü Kremlin burdakı maraqları əleyhinə, anti-təbliğatdır.
***
Sonra. Professor İlham Rəhimovu təbliğ etməyi irad tutur bizə “baş redaktor” Akif və dərhal da dəhşətli “analitik” qabiliyyəti əsasında hökm çıxarır ki, “Yeni Müsavat”çılar Rusiyaya işləyir. Yenə primitiv, absurd bir iddia.
Əvvəla, bildiyimiz qədər, professor Milli Şuranın fəxri sədrindən fərqli olaraq heç Rusiya vətəndaşı deyil və Əli Kərimlidən ön dəfə artıq milli adamdır. İkincisi də, İlham Rəhimov özü müsahibə verəndə dəfələrlə qeyd edib ki, qəzetimiz və saytlarımız aşırı dərəcədə anti-Rusiya, anti-Putin mövqeyindədir. Arxasında Əli Kərimlinin dayandığı “Azad” imzası da bilir ki, öz yazdıqları yalandır; lakin Allah da bunları bu cür cəzalandırıb – həyatlarını, hər şeylərini yalana məhkum buraxıb. Ki daha çox “odun” toplasınlar…
Üçüncü yandan, nə olsun ki, o, prezident Vladimir Putinlə tələbə yoldaşı olub. Mən də Rusiyada (Sank-Peterburqda) ali tibb təhsili almışam. O deməkdi, rusun adamıyam? Əksinə, Müsavatın üzvüyəm və müsavatçı kimi partiyanın Rusiya ilə bağlı mövqeyini tam dəstəkləyirəm…
Doğrudan da, arqumentlər qıt olanda ittihamlar dişsiz olur. Biriləri görməzlikdən gəlsə də, gerçək budur ki, “Yeni Müsavat” Rusiyanın ölkəmizdəki, müxalifətdəki əlaltılarına, “5-c kolon”na qarşı həmişə barışmaz olub və olacaq. Götürün hər nömrəmizə baxın. Mütləq Rusiya əleyhinə hansısa tənqidi material, fikir tapacaqsınız.
Bu siyasəti sözsüz ki, kiməsə “rusiyapərəst” olmadığımız isbatlamaq, kiməsə xoş gəlmək üçün aparmırıq, sadəcə, üçüncü on ildir Azərbaycan adına doğru bilib getdiyimiz yol budur. Hamı da əmin olsun ki, ölkənin müstəqilliyinə və suverenliyinə yeni təhlükə yaradan istənilən qüvvə yenə öz qarşısında ən birinci “Yeni Müsavat”ı görəcək – təmənnasız-zadsız. Zira, bu bizim təbii görəvimiz….
***
“Yeni Müsavat”ı bəlkə də müəyyən yanlışlıqlarda qınamaq olar (Qüsursuz yalnız Allahdır), amma bizi Rusiya maraqlarına işləməkdə suçlamaq… bu, heç təxəyyül məhsulu, siyasi cığallıq da deyil, xalis allahsızlıqdı!
Bu yerdə qəzetin rəhbər şəxslərindən biri kimi Rusiya ilə bağlı mövqeyimizi, strateji kursumuzu bir daha “Akif”in diqqətinə çatdıra bilərəm: bəli, Rusiya bizim böyük, ancaq qorxulu qonşumuzdur, onunla ikitərəfli normal münasibətlər saxlamalı, lakin ona çox yaxınlaşmamalı, Kremlin dominant olduğu birliklərdən uzaq durmalıyıq. Azərbaycanın milli təhlükəsizliyinə təminat isə Qərb-NATO (Türkiyə) sisteminə inteqrasiya ilə bağlıdır və ölkə demokratik inkişaf yoluna çıxmayınca, Dağlıq Qarabağ məsələsi daxil, onun heç bir problemi həllini tapmayacaq.
Bəs eləmir?
***
Bizi öz “silahımızla” vurmaq istəyir, xətakar. Rusiyanın əli kimin üstündədir, Moskva kimin başını tumarlayır – zatən bəlli. Biz şəxsən bunu hiss etmirik, belə problemimiz də yerli-dibli yoxdur. O ki qaldı deputat Zahid Orucla qəzetin hansısa fikrinin oxşar olmasına, “Azadlıq”dan fərqli olaraq biz firqə qəzeti deyilik ki, hamı eyni sözü desin, eyni bayatını oxusun.
Cəbhəçi qırğıların, bəzi başqa bədxahların gözündə cin-şeytan kimi görünməyimizin əsas səbəbi də əslində elə budur – müstəqil kurs. Bu kursu sağdan-soldan atılan daşlara görə dəyişəsi deyilik.