ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından olan namizəd Donald Trampla əlaqəsi olan iki təhlükəsizlik eksperti bildirib ki, Tramp Rusiya lideri Vladimir Putinlə Moskvanın Ukrayna ərazisinin nə qədərini əlində tuta biləcəyi ilə bağlı danışıqlar aparır. Bu barədə “Politico” məlumat yayıb. Nəşrdə dərc olunan məqalədə bildirilir ki, Tramp NATO-nun şərqə, xüsusən də Ukrayna və Gürcüstana doğru genişlənməməsi ilə bağlı razılaşma üzərində düşünür və Putinlə “Moskvanın Ukraynanın nə qədər ərazisini əlində saxlaya biləcəyini” müzakirə edir.
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Elçin Xalidbəyli bildirib ki, hazırda Ukrayna münaqişəsinin bu il ərzində yekunlaşdırılması istiqamətində müəyyən addımların atılmasına başlanıb.
Onun sözlərinə görə, artıq Rusiya öz şərtlərini açıqlayıb: “Qərbdə də bu kontekstdə hərəkətlənmə mövcuddur. Burada maraqlı məqamlardan biri budur ki, savaşın sona çatdırılmasına Qərbdə əsasən ABŞ prezidentliyinə namizəd Donald Tranp liderlik edir. Çünki Tramp prezidentliyə iddiasını dilə gətirdiyi gündən Rusiya-Ukrayna müharibəsini bitirəcəyini rəsmən bəyan edir. O hesab edir ki, savaş tezliklə dayandırılmasa, bu Üçüncü dünya müharibəsinə, ardınca da nüvə savaşına çevrilə bilər. O, özünü dünyanın xilaskarı kimi təqdim etməyə cəhd göstərir. Vladimir Putinlə olan şəxsi münasibətləri zəminində bu məsələni ən qısa zamanda həll edəcəyini bildirir. Digər bir maraqlı məqam isə budur ki, Rusiya rəsmiləri səhnə arxasında ABŞ-nin gələcək prezidenti ola biləcək Trampla müəyyən təmaslara başlayıb, müzakirələr aparırlar. Demək olar ki, Bayden Administrasiyasından yan keçilir. Bu dövrün artıq sona çatdığı düşünülür. Qeyri-rəsmi şəkildə daha sabiq prezident Tramp qəbul edilməyə başlanılıb. Bəzi məlumatlara görə, danışıqlar da onunla aparılır. Kiyevə səfər edən Macarıstanın Baş naziri Viktor Orban da bir neçə ay əvvəl ABŞ-yə səfər etmişdi, amma Ağ Evdə heç kimlə görüşmədən, yalnız Trampla görüşüb getmişdi. Orbanın Ukraynaya səfəri isə savaşın sona çatdırılması yönündə vasitəçilik rolu daşıyır. Rusiya tərəfi Macarıstan vasitəsilə Ukraynaya sülh sazişinin detallarının çatdırılmasına başlayıb. Bu barədə artıq məlumatlar sızmağa başlayıb. Zelenski bu vasitəçilikdən məmnun qalmayıb və danışıqlar aparmaq istəməyib. Hər bir halda şərtlər artıq diqqətə çatdırılıb. Yəni ciddi proseslər gedir. Putin, Tramp və Orban üçlüyü Ukrayna savaşının bitməsində ortaq mövqedən çıxış etməyə başlayıblar”.
E.Xalidbəyli deyib ki, yaxın gələcəkdə Ukraynanın parçalanma və bölünmə ehtimalı da kifayət qədər yüksəkdir: “Trampın ideyalarından biri də budur ki, Ukrayna savaşı dayandırılarkən sülh sazişi Rusiyanın qürurunu incitməyən məzmun daşımalıdır. Rusiya işğal etdiyi əraziləri öz nəzarətində saxlamağa iddialıdır. Əlavə bəzi əraziləri də tələb edir. Lakin bunun hansı nəticələr verəcəyi hələlik məlum deyil. Rusiyanın əsas tələblərindən biri də budur ki, Ukrayna ərazisində heç bir NATO hərbi bazaları olmasın, Ukrayna NATO-ya üzv qəbul edilməsin. Eyni zamanda Ukraynanın müəyyən ərazilərinə yalnız Rusiya deyil, Polşa, Rumıniya və Macarıstan da iddialıdır. Görünən odur ki, sülh müqaviləsi imzalanarsa, ölkənin parçalanması və bölünmə ehtimalı yüksəkdir. Ukraynanın bütün bu baş verənlərə müqaviməti ABŞ və Avropa İttifaqının tutacağı mövqedən asılıdır. Bir neçə ay sonra Avropa İttifaqı öz mövqeyini qorumuş olsa belə, ABŞ-nin Ukraynanı indiki kimi dəstəkləyəcəyi inandırıcı görünmür. Tramp hakimiyyətə gəldikdən sonra Ukrayna əsas müttəfiqini itirəcəyi üçün ən ağır sülh şərtlərinə razılaşmalı olacaq. Ukraynanın taleyi xoşagəlməz istiqamətdə inkişaf edir. Dövlətin xəritədən silinmə ehtimalı kifayət qədər yüksəkdir”.
Ayşən RƏHİM