Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
“Kipr modeli” hazırda Qərbi Azərbaycan məsələsində aktuallaşır” adlı süjetdə vaxtilə Qarabağ münaqişəsində mütəmadi olaraq gündəmə gətirilən “Kipr modeli”nin hazırda Qərbi Azərbaycan məsələsində aktuallaşdığı bildirilib.
Qeyd olunub ki, indi Ermənistanda azərbaycanlıların öz evlərinə qayıdışından sonra Qərbi Azərbaycan ərazisində bu modelin tətbiqinin planlaşdırıldığına dair müzakirələr aparılır: “Qarabağ münaqişəsi mövcud olanda Ermənistan və onun havadarları “Kipr modeli”nin Azərbaycan ərazisində həyata keçirilməsinə çalışırdılar. Lakin Azərbaycanın siyasi iradəsi belə bir modelin tətbiqinə qarşı idi və 44 günlük müharibə, ardınca 24 saatlıq anti-terror tədbirləri ermənilərin və onların havadarlarının Qarabağ üzərindəki planlarını darmadağın etdi”.
Vurğulanıb ki, Kipr modelinin Qərbi Azərbaycanda tətbiqi nəzəri və praktiki baxımdan mümkündür: “Qərbi Azərbaycan tarixi torpağımızdır və o ərazilərdəki mülkiyyət hüquqi da azərbaycanlılara məxsusdur. Qərbi azərbaycanlılar SSRİ dövründə Ermənistan SSR-nin pasportlarına malik olublar. Bu amil soydaşlarımızın öz tarixi yurdlarına hüquqi varisliyini təsdiq edir və onların mümkün qayıdışı ssenarisi beynəlxalq hüquqda təsbit olunub”.
Diqqətə çatdırılıb ki, Ermənistanda 300 min azərbaycanlının geri qayıdacağı, ardınca onların təhlükəsizliyi üçün Azərbaycan və Türkiyənin Qərbi Azərbaycana qüvvələr yerləşdirəcəyi, daha sonra isə azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququndan istifadə edəcəyi iddiaları müzakirə olunur. Əsas proqnozlar Qərbi Azərbaycanda Kipr modelinin tətbiq ediləcəyinə aiddir. Bunu İrəvan Dövlət Universitetinin iranşünaslıq kafedrasının rəhbəri Vardan Voskanyan da iddia edir. Onun sözlərinə görə, rəsmi Bakı və Ankara Qərbi Azərbaycan planını həyata keçirməyə hazırlaşır.
Sonda vurğulanıb ki, azərbaycanlıların yığcam yaşayacağı Göyçə, Zəngəzur kimi bölgələrdə Qərbi Azərbaycan Respublikasının yaranması perspektivi heç vaxt istisna edilməməlidir: “Hadisələrin bu istiqamətdə inkişaf edib-etməyəcəyi isə böyük ölçüdə Ermənistandan asılıdır. Rəsmi İrəvan azərbaycanlıların öz evlərinə ləyaqətli şəkildə qayıtmasını, o cümlədən, onların təhlükəsizliyini təmin edərsə, hadisələr bu istiqamətdə inkişaf etməyə də bilər. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn yaratdığı bütün imkanlardan istifadə etməklə, Qərbi Azərbaycanla bağlı pozulmuş tarixi ədaləti özü təmin edəcək”.