Xəbər verdiyimiz kimi, Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı yüksək temperatur səbəbindən ölənlərin sayı 1000-i ötüb. Bu il dünya üzrə dəhşətli istilərin olacağı ehtimalı yavaş-yavaş reallaşır. Temperaturun həddən artıq yüksəlməsi insanlar arasında narahatlıq doğurur. Azərbaycan əhalisi də narahatdır.
Bəs qarşıdakı iki ayda ölkəmizdə dəhşətli istilər gözlənilirmi?
Meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanı Azərbaycanla müqayisədə fərqli fiziki-coğrafi şəraitə malikdir, ərazisi subtropik və tropik iqlim qurşaqlarında yerləşir:
“İqlimi, orta temperaturu +18°C-dən yuxarı olan quru səhra iqlim tipi kimi (BWh) təsnif edilir. Ölkə üçün kəskin kontinental və çox isti yay səciyyəvidir. Mütləq maksimum temperaturlar ölkənin cənubunda +55°C müşahidə edilir. Meşələr və yaşıllıqlar ölkənin 1%-dən az sahəsini tutur, əsasən səhra torpaqları üstünlük təşkil edir”.
Ekspert həmçinin əlavə edib ki, bu barədə vətəndaşlarımızın narahat olmasına əsas yoxdur:
“Ölkəmizdə yay aylarında havanın maksimal temperaturunun +50°C olacağı haqqında verilən proqnozlar əsassızdır. Elmi-praktik əsası olmayan bu kimi sensasiyalı hava proqnozları insanları narahat etmək və təşvişə salmaq məqsədi daşıyır.
Yay aylarında havanın temperatur göstəricilərinin və yağıntıların iqlim normasına yaxın olacağı, həmçinin, ölkəmizin ərazisində yaxın 5-10 il ərzində (süni iqlim manipulyasiyaları olmadığı təqdirdə) havanın maksimal temperaturunun +46°C-dən yuxarı olmayacağı ehtimal edilir”.