Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqi Belarusla diplomatik əlaqələri kəsir. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. O buna əsas kimi Belarusun KTMT üzvü olduğu halda 44 günlük müharibədə Azərbaycanı dəstəkləməsini göstərib. Qeyd edib ki, Aleksandr Lukaşenko bu ölkənin prezidenti olduğu müddətdə Belarusa heç vaxt səfər etməyəcək, digər məmurların səfərini də qadağan edəcək. Bu bəyanatın ardınca Ermənistanın Belarusdakı səfiri Razmik Xumaryan məsləhətləşmələr üçün İrəvana çağırılıb. Buna cavab olaraq, Belarusun Ermənistandakı səfiri Aleksandr Konyukun da yaxın zamanlarda Minskə geri çağırılacağı məlum olub. Belarus Xarici İşlər Nazirliyinin (XİN) bu barədə yaydığı məlumatda qeyd olunub ki, rəsmi Minsk İrəvanla münasibətləri pisləşdirmək niyyətində deyil. Belarus XİN hazırda Ermənistanda ağır daxili siyasi vəziyyətin yarandığını diqqətə çatdırıb.
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu qeyd edib ki, N.Paşinyan son iki gündür Belarus və KTMT ilə bağlı səs-küylü bəyanatlar səsləndirir.
Onun sözlərinə görə, erməni hökumət başçısı bu yolla iqtidara qarşı kütləvi aksiya təşkil edənlərin əlindən informasiya məkanını almaq istəyir: “Paşinyan bundan əvvəl bəyanat vermişdi ki, 2018-ci ildə hakimiyyətə gəldikdə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımamaqla səhv edib. Bunun da bir neçə məqsədi var. Birincisi, ölkə gündəmini dəyişmək, onu öz xeyrinə formalaşdırmaq, iqtidara qarşı kütləvi aksiya təşkil edənlərin əlindən informasiya məkanını almaqdır. Bu, çox vacib şərtdir. Paşinyanı hakimiyyətdən devirmək cəhdləri davam etdiyi təqdirdə proses daha çox insanın diqqətini çəkir. Risk var ki, onun opponentləri daha böyük kütlə toplaya bilərlər. Amma hələlik buna nail ola bilməyiblər”.
Ə.Oruclu hesab edir ki, Paşinyanın Belarusla bağlı bəyanatı, ümumilikdə KTMT-yə ünvanlanan bəyanatın tərkib hissəsidir: “Əslində KTMT nizamnaməsi nöqteyi-nəzərindən Paşinyan düz deyir. Bilirik ki, Azərbaycan KTMT üzvü olmasa da Belarus ölkəmizlə daim intensiv əlaqələrə malik olub. Eləcə də Rusiya və Qazaxıstan. 44 günlük müharibə dövründə Rusiya Ermənistana hərbi yardım göstərib. Amma müharibədən sonra fərqli vəziyyət yaranıb. Görünür Paşinyan ABŞ ilə strateji hərbi-siyasi əməkdaşlığı möhkəmləndirməyin zəruriliyini anlayaraq, KTMT-ni tərk etməyə hazır olduğunun mesajını verir. Lakin hələlik Rusiya ilə diplomatik əlaqələri kəsmək istəmir. Amma həm ölkə daxilinə, həm də xaricdəki müttəfiqlərinə verdiyi mesajı gücləndirmək üçün Belarusla təxribat xarakterli konflikt nümayiş etdirir. Paşinyan artıq birmənalı şəkildə bildirir ki, nə özü, nə də məmurlar Belarusa səfər edəcək”.
Politoloqun qənaətincə, Ermənistan nümayəndə heyətinin Ukraynanın Buçi şəhərinə səfəri də Rusiyanı təhrik etmək məqsədi daşıyıb: “Paşinyan əlaqələrin kəsilməsinin məsuliyyətini qarşı tərəfin üzərinə qoymaq niyyəti güdür. Hər bir halda erməni baş nazirin bu davranışının arxasında Qərblə münasibətləri rəsmiləşdirmək, yeni səviyyəyə keçirmək məqsədi dayanıb. Bu yöndə çalışır ki, KTMT-yə üzv olan Rusiya və Belarus kimi ölkələri Ermənistanla münasibətləri kəsməyə sövq etsin. Onlar bunu etməsələr, yəqin ki Paşinyan başqa ittihamlar, o cümlədən ölkəsində müxalifətin bu dövlətlər tərəfindən dəstəklənməsi ilə bağlı iddialar səsləndirərək, bu əlaqələri özü kəsəcək. Düzdür, Rusiya bu dəstəyi açıq şəkildə etmir. Amma düşünmürəm ki, Ermənistan xüsusi xidmət orqanlarının, rəsmi İrəvanın bu barədə məlumatı yoxdur. Belə qəti addımların arxasında dayanan səbəb sonuncu ABŞ-Ermənistan məsləhətləşmələri ola bilər. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms Obraynın İrəvana səfəri, orada keçirdiyi görüşlər də bu qəbildəndir”.
Ayşən RƏHİM