Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır və adətən bir neçə gün davam edir. İslamın səmavi din kimi tamamlanmasını və mənəvi-əxlaqi qurtuluş yolu olaraq bəşəriyyətə göndərilməsini özündə təcəssüm etdirən mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edir. Həmin gün müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Tanrıya yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər.
Humanizm və ümumbəşəri idealları ilə dünya sivilizasiyasının möhtəşəm səhifəsini təşkil edən İslam dini xalqımızın dünyagörüşünün formalaşmasında və milli-mədəni inkişafında müstəsna rol oynayıb, mütərəqqi İslami dəyərlər və ənənələr Azərbaycanda həmişə uca tutulub. Ona görə Qurban bayramı da Azərbaycanda milli mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsi kimi qeyd olunur. Ölkənin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətin tərəqqisi və əmin-amanlığı üçün dualar edilir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsi ehtiramla yad olunur, böyük xeyriyyəçilik işləri görülür.
Bu il Azərbaycanda Qurban bayramı 16-17 iyun tarixinə təsadüf edib. Hər zaman olduğu kimi, bu il də Azərbaycanda Qurban bayramı yüksək səviyyədə qeyd ediləcək. Artıq Qafqaz Müsəlmanları İdarəsi bununla bağlı fətva verib. Bildirilib ki, qarşıdan İslam aləmi və xalqın müqəddəs günlərindən biri, Rəbbin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir: “Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət İbrahim əleyhissalamın əhdi və Həzrət İsmayıl əleyhissalamın adı ilə bağlı bu müqəddəs gün əsrlər boyudur dünyamıza ümumbəşəri birlik və insanpərvərlik mesajını çatdırır. Şükürlər olsun ki, həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan müqəddəs Qurban bayramını xalqımız Zəfər abu-havasında – separatçı rejimin süqutu, müqəddəs bayrağımızın Xankəndidə, Əsgəranda, Xocalıda dalğalanması, Qarabağ məscidlərinin bərpası, Zəngilan məscidinin yenidən nəfis inşası, minarələrimizdən ucalan azan sədalarının qüruru ilə qarşılayır. Müstəqillik tariximizdə ilk dəfə ərazi bütövlüyünü və suverenliyini tam təmin etmiş ölkəmizdə Böyük Qayıdışın ruh yüksəkliyi yaşanır, ata-baba torpaqlarına qayıdanlar dualarla İsmayıl qurbanı ibadətini yerinə yetirir”.
Vurğulanıb ki, Qurban bayramına dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır. Fətvada qeyd olunub ki, Azərbaycanda Qurbаn bаyrаmı iyunun 16-na təsadüf edəcək. Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər. İyunun 16-da məscidlərimizdə bayram namazları qılınacaq. Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır.
Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov Medianews.az-a açıqlamasında bildirib ki, Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa dəvət edir.
İlahiyyatçı-alimin sözlərinə görə, həmin gün müsəlmanlar Allah yolunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirir, Uca Allaha yaxınlığın fərəhini yaşamaq fürsəti əldə edirlər: “Qurban bayramı azərbaycanlılar üçün sosial həmrəylik, bütünləşmə deməkdir. Cəmiyyətin ayrı-ayrı qruplarının, təbəqələrinin bir-birinə etimadının möhkəmlənməsində, bir-biri ilə iç-içə olmasında bu bayramın əvəzsiz rolu var. Bu bayram gəldikdə, insanlar qurban kəsdikdə, əbəs yerə deyil ki, qohum-qonşu bir araya gəlir, görüşür. Qloballaşma dövründə, qohumluq, qonşuluq münasibətlərinin zəiflədiyi bir vaxtda insanları bir araya gətirən Qurban bayramı dəyərlərimizi bir daha yadımıza salır, bir daha bizləri o dəyərlərə qovuşdurur. Bu bayram günlərində ölkənin hər yerində Allahın adına qurbanlar kəsilir, əmin-amanlıq və bərəkət üçün dualar edilir. Bununla yanaşı, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin ölməz xatirəsi ehtiramla yad olunur, xeyriyyəçilik işləri görülür”.
E.Məmmədov qeyd edib ki, Azərbaycan xalqının mütləq əksəriyyəti İslama etiqad bəslədiyi üçün bu bayramda qurban kəsmək xəlqiləşmişdir: “İslam qurban kəsməyə çağırış edir. Biz İslam dininə etiqad göstərir, onun göstərişlərinə əməl edirik. Qurban kəsmək ilk növbədə müsəlman olmağın göstəricisidir. Bununla belə, qurban kəsmək heç də bütün müsəlmanlara vacib deyil. Hansı müsəlmanın imkanı buna çatırsa, borc içində deyilsə, gündəlik tələbatını ödəməklə yanaşı, kənarda əlavə pul toplamaq imkanı varsa, qurban kəsmək belələrinin gündəlik, aylıq yaşayışına təsir göstərmirsə, onların qurban kəsməsi bəyəniləndir, Peyğəmbərin qoyduğu yolla getməkdir (sünnədir). Bu kateqoriya insanlar həm müsəlman olduqlarını nümayiş etdirmək, həm də bu ibadətdəki sosial həmrəyliyi, sosial bütünləşməni təcrübəyə daşımaq üçün qurban ibadətinə üz tuturlar. Borcu olan, gündəlik və illik ehtiyaclarını ödəyə bilməyən insanlar qurban kəsməkdən azaddırlar. Peyğəmbərimiz də imkanı yetən şəxslərin qurban kəsməsindən söz açmışdır. Ola bilər ki, gündəlik qazancı, gəliri olan bir müsəlmanın kiməsə borcu vardır, qurban kəsmək borcunu qaytarmağına mane olmayacaqsa, dolanışığına maneə yaratmayacaqsa, maliyyə çətinliyi doğurmayacaqsa, qurban kəsə bilər”.
İlahiyyatçı-alim vurğulayıb ki, hər bir müsəlman İsmayıl qurbanı kəsərkən niyyət etməli, qurbanı qarşılıqlı maraq güdmədən, Allah yolunda kəsdiyini bəyan etməlidir: “Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri də burada din, məzhəb ayrı-seçkiliyinə yol verilməməsidir. İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə ola bilər. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı bir yaşına qədər heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır. Allah üçün kəsilən qurban Allahın adına layiq olmalıdır. Qurban kəsən şəxs qurbanlıq heyvanın ətinin hamısını özündə saxlaya, yaxud üç hissəyə bölüb bir hissəsini özündə saxlaya, digər iki hissədən bir hissəni qohumlarına, ikinci hissəni kasıblara, imkansızlara paylaya bilər. Niyyətə və içdən gələn istəyə uyğun olaraq qurban kəsən şəxs qurbanlıq heyvanın ətinin hamısını kasıblara, imkansızlara, qohum-əqrəbaya paylaya bilər. Bu işdə qurban kəsən şəxslərə sərbəstlik verilib”.
Ayşən RƏHİM
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.