“Oxudum və kədərləndim. Bir alimin ölümündən böyük hansı itki ola bilər? Səbzəli Cavadov xaricdə vəfat edib. 64 yaşında. 1993-2003-cü illərdə Azad Mirzəcanzadə epoxasının Ali Attestasiya Komissiyasının sədr müavini olub. Tibb Universitetinin professoru, Tibb elmləri doktoru olub. Böyük Britaniya Kral Cəmiyyətinin üzvü seçilib. 2009-cu ildən ABŞ Puerto-Riko Universitetinin Tibb fakültəsinin professoru və laboratoriya direktoru olub. Onun Hirşa indeksi 50-dir, elmi əsərlərinə 9 min dəfədən çox istinad edilmişdir. Patentləri, elmi məqalələri nə qədər desən. Ruhu şad olsun. ABŞ-də uğurlu, Azərbaycanda uğursuz bir azərbaycanlıdan söhbət gedir”.
Medianews.az xəbər verir ki, bu barədə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa sosial media hesabında bildirib. Millət vəkili qeyd edib ki, Səbzəli müəllimin elmi əsərlərinə istinad edənlərin 95 faizi azərbaycanlı deyil.
Deputat F.Mustafa deyib ki, bu torpaq uğursuz Səbzəli ilə yanaşı, həm də uğurlu meyxana ustası Balaəli yetişdirir: “Əslində adlar meyxana qafiyəsinə uyğun gəldiyinə görə belə bir müqayisəyə yönəlmiş oldum. Ötən gün təsadüfən qarşıma çıxdı ki, Balaəlinin “Trendyol”un açılışına təşrif gətirdiyi və böyük qələbəlik yaradan milli selfiçəkdirən azərbaycanlıların sevgi görməmişliyindən qorumaların köməyi ilə qurtulduğu videoçarxı 1 milyon 999 min soydaşımız izləyib. Onlardan 900 mini rəy yazaraq öz sevgisini izhar edib. Bu o deməkdir ki, 1 milyon 999 min soydaşımız Baləlinin şifahi yaradıcılığına istinad edib. İstinad sayında Səbzəli açıq-aşkar Baləliyə uduzur. Sadəcə bir məqam düşündürücüdür: ABŞ-də uğurlu insan Səbzəli, Azərbaycanda isə Balaəli obrazında göz önünə gəlir. Səbzəli müəllimə rəhmət, Balaəli müəllimə də can sağlığı”.
Vüqar MƏMMƏDOV