İranda İbrahim Rəisinin həlak olmasından sonra iyunun 28-nə təyin olunmuş növbədənkənar prezident seçkisinin mühüm bir mərhələsi arxada qalıb. Dünən prezidentliyə namizədlərin irəli sürülməsi üçün ayrılmış beş günlük vaxt başa çatıb. Bu müddət ərzində prezidentliyə namizəd olmaq üçün qərargaha müraciət etmiş 287 nəfərdən 80 nəfərin namizədliyi qeydə alınıb.
Bəlkə də İran tarixində ilk dəfədir ki, prezidentliyə bu qədər insan iddia edir. Yayılan məlumatlara görə, indiki və sabiq mülki, eyni zamanda hərbi məmurların bir çoxu prezidentliyə namizədliklərini irəli sürüblər. Bundan sonra bir həftə ərzində namizədlərin səlahiyyətlərinin Nəzarət Şurasında araşdırılması davam edəcək və iyunun 11-də təsdiqlənmiş namizədlərin adları açıqlanacaq.
İrandakı seçki hazırlığını Medianews.az-a şərh edən siyasi şərhçi Azər Qasımov bildirib ki, cənub qonşumuzda növbədənkənar prezident seçkiləri bu ölkənin müasir tarixində fövqəladə hadisənin nəticəsi kimi labüd olub.
Onun sözlərinə görə, İran rejimi proseslərin gedişindən asılı olaraq, müəyyən yumşalmalara və ya sərtləşmələrə gedə bilər: “Ölkənin prezidenti faciəvi şəkildə helikopter qəzasında həlak oldu. Bu hadisə müasir dünya düzəninin İran üçün həlledici məqamında baş verdi. Prezidentliyə namizədlərin sayının çox olması da özünü bu tarixi şəraitdə namizədlərin hansısa gözləntilərinin olması baxımından göstərir. Bu, özünü namizədlərin sırasında bir çox kəsimdən insanların olması baxımından da hiss etdirir. Prezidentliyə iddialıların sayının çox olmasına ilk növbədə səbəb İran üçün həlledici məqamının gəldiyini hiss edən namizədlərin hansısa dəyişikliklər ola bilmə ehtimalını fikirləşmələri də ola bilər. Məsələ ondadır ki, Yaxın Şərq və Cənubi Qafqaz regionlarında, eləcə də Orta Şərqdəki proseslər fonunda İran ətrafında cərəyan edən proseslər böyük ehtimalla bu ölkəyə də təsirsiz ötüşməyəcək. İran rejiminin proseslərin gedişindən asılı olaraq müəyyən yumşalmalara və ya sərtləşmələrə gedəcəyi gözlənilir”.
A.Qasımov deyib ki, namizədlər yaranacaq konyunkturanı prezident seçilə bilmək üçün imkan hesab edirlər: “Namizədlərin çoxluğu buna dəlalət edir. Namizədlər arasında ilk növbədə qadınların da çoxluq təşkil etməsi qeyd edilən konyukturaya hesablanmış addımdır. Keçmiş prezidentlərdən Mahmud Əhmədinejatın olması da İran daxili proseslərin təzahürüdür. Təbii ki, namizədlərin çoxluğu görüntü yaratmaq xətrinə də ola bilər. İran rejimi demokratikləşmə görüntüsü yaratmağa çalışa bilər. Hesab edirəm ki, seçkiyə kimi namizədlərin sayı əhəmiyyətli dərəcədə azalacaq. İndiki məqamda mühafizəkar cəbhənin namizədlərinin qalib gəlmə ehtimalı böyükdür. Mahmud Əhmədinejatın seçkiyə qatılması müəyyən fikirlər yaradır. O, iki dəfə prezident olub. Doğrudur, son hadisələrdə hakimiyyət əleyhinə nisbətən radikal mövqe nümayiş etdirib. Amma hesab etmək olar ki, ali dini rəhbərlik və şura yeni namizədlə seçkiyə getməyə risk etməyəcək. Odur ki, Mahmud Əhmədinejatın şanslarının nisbətən çox olduğu qənaətindəyəm”.
Ayşən RƏHİM