“Hindistanda parlament seçkilərinin nəticələri bəlli olub. Ümumilikdə Hindistanda keçirilən seçkidə 642 milyon seçici səs verib ki, bu dünya rekordudur. Misal üçün bu nəticə Avropa İttifaqına üzv olan 27 ölkəsində səs verənlərin tamamından 2.5 dəfə çoxdur. Hindistan Seçki Komissiyasının rəhbəri Raciv Kumarın sözlərinə görə, səs verən 642 milyon nəfərin 312 milyonu qadın olub. Başqa bir rekord da vurulub. Seçki komissiyalarının və təhlükəsizlik xidmətlərinin təşkilinə 15 milyon işçi cəlb edilib”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Hindistanda seçki yeddi mərhələdə keçirilib.
Politoloqun sözlərinə görə, Hindistanda seçki hüququna malik vətəndaşların sayı təxminən 967 milyon nəfərdir və bu, ümumilikdə ABŞ, Avropa İttifaqı və Rusiya əhalisindən çoxdur: “Hindistanda səs vermək üçün 1 milyon seçki məntəqəsi fəaliyyət göstərib. Baş nazir Narendra Modinin rəhbərlik etdiyi Hindistan Xalq Partiyasının (BJP) parlament seçkilərində qələbəsi əvvəlcədən proqnozlaşdırılırdı. İlkin məlumatlara görə, Modinin partiyası 543 yerlik parlamentdə 350 ilə 370 arasında yer qazanıb. Hökuməti təkbaşına formalaşdırmaq üçün bu, kifayətdir. “Twitter” hesabında “Hindistan yenə qalib gəldi”, – yazan Modi rəqiblərini bu dəfə də üstələməyə müvəffəq olub. Hindistan Milli Konqresin simasında müxalifət bloku parlamentdə cəmi 125 ilə 154 millət vəkili yeri qazana bilib. Bu Modinin Hindistanda reytinqinin yüksək olduğunu göstərir. Son parlament seçkisini Modi ilə bağlı bir referendum sayanlar da az deyil”.
E.Şahinoğlu vurğulayıb ki, Narendra Modi üçüncü müddət ölkəyə başçılıq edəcək: “Bu Hindistanın ilk baş naziri Cəvahirləl Nehrunun rekordunun təkrarıdır. “The New York Times” nəşri Modinin seçki kampaniyası dövründə 200 mitinqdə iştirak etdiyini və 80-ə yaxın müsahibə verdiyini yazıb. Bu qələbə Narendra Modinin xarici və təhlükəsizlik siyasətində onun əlini gücləndirəcək. Modi növbəti 5 ildə də Hindistanın iqtisadi gücünü artırmağa çalışacaq. Hindistanın yaxın illərdə dünyanın üçüncü ən böyük iqtisadi ölkəsi olacağı ehtimal edilir. Buna baxmayaraq, Modi hakimiyyətdə olduğu 10 ildə kifayət qədər iş yerləri aça bilməyib. Aprel ayında mart ayı ilə müqayisədə işsizlik artıb. Narendra Modinin xarici siyasətində ciddi dəyişiklik gözlənilmir. O, Rusiya ilə ABŞ arasında balansı qorumağa çalışsa da, iqtisadi əməkdaşlıqda Qərb ölkələrinə üstünlük verir. Bu siyasət gələcək illərdə də davam edəcək”.
Lamiyə MİRZƏYEVA