“Həzrəti Əlinin (ə) sözüdür: “Zalımın sonu yaxınlaşdıqca, zülmü artar və daha da azğınlaşar”. Səkkiz aya yaxındır, kiçik bir Qəzzanın müqavimətini qıra və döyüş meydanında yalqız, tək-tənha buraxılan HƏMAS-ı məğlub edə bilməyən İsrailin Netanyahu hökumətinin zülm və azğınlığı artıq sərhəd tanımır. Beynəlxalq Ədalət Məhkəməsinin Rəfaha hücumu dayandırmaq barədə qərarına, BMT qətnamələrinə və Baş katibin ardıcıl çağırışlarına baxmayaraq, İsrail bütün dünyanın gözləri önündə fələstinli qaçqınların məskunlaşdığı çadır düşərgələrini belə, amansızlıqla bombardman edir. ABŞ isə İsrailin hələlik “qırmızı xətləri” keçmədiyini söyləyərək, onu öz azğınlığını davam etdirməyə daha da həvəsləndirir”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şükürlü bildirib.
O qeyd edib ki, Benyamin Netanyahu hökumətinin bu azğınlığının arxasında məhz ABŞ-ın açıq himayəsi və İsrailə birmənalı dəstəyi durur.
Politoloqun sözlərinə görə, əksər müsəlman ölkələri, xüsusən də ərəb dövlətləri ərazilərindəki ABŞ hərbi bazalarının qorxusundan səslərini çıxara, fələstinlilərə dəstək verə bilmirlər: “Ərazisinin işğal olunduğu bəhanəsi ilə Ukraynaya milyardlarla dollar yardım edən, onu silahlandıran və iki ildən çoxdur bütün dünyanı Rusiyanın üzərinə qaldırmağa çalışan ABŞ nəinki eyni münasibəti İsrail-Fələstin münaqişəsində göstərmir, üstəlik, açıq şəkildə İsrailə Qəzzanın qətliamla boşaldılmasına və Fələstin torpaqlarının işğalını tamamlamasına böyük hərbi-siyasi dəstək nümayiş etdirir. İnanmayan ABŞ-nin təkcə aprel ayında İsrailə ayırdığı maliyyə yardımının həcminə baxsın – 27 milyard dollar. Ən acınacaqlısı odur ki, ABŞ-İsrail tandeminin müsəlmanların başına gətirdiyi bütün bu fəlakətləri və müsəlman ölkələrinə münasibətdə göstərdiyi bu ayrı-seçkiliyi görə-görə, hələ də bəzi azərbaycanlı siyasətçilərimiz özlərini qanmaz və zırrama yerinə qoyaraq, ABŞ-ni “dünyanın təhlükəsiz gələcəyini və demokratiyanı təmin edən ən qüdrətli dövlət” olaraq təbliğ edirlər”.
E.Şükürlü deyib ki, belə siyasətçilər bütün geosiyasi qarşıdurmalardan rəsmi Vaşinqtonun qalib çıxmasını arzulayır, onunla müttəfiqliyə can atır, bu yöndə çalışırlar: “Anlamırlar ki, həqiqi güc və qüdrət yalnız Allaha məxsusdur! Yanlış yolda olan azğın və zülmkar bir ittifaqın – səlibçi-sionist düşüncə sahiblərinin önündə tək-tənha buraxılsa da, öz dəyanəti və sarsılmaz iradəsi ilə İslam müqavimətinin simvoluna çevrilmiş Qəzza əhalisi, inşallah, Allahın bu zalımlardan daha qüdrətli olduğunu hər kəsə sübut edəcək! İslamın yolgöstəricisində – kitabımız “Qurani-Kərim”də, “Saff” surəsində açıq-aydın deyilir: “Onlar Allahın nurunu öz ağızları ilə (sözlərlə) söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah öz nurunu tamamlayacaqdır!” Bəli, zalımların sonu yaxınlaşır, kafirlərin azğınlıqlarının artması da buna görədir”.
Lamiyə MİRZƏYEVA