“Avropanın üç dövlətinin Fələstinin müstəqilliyini tanıması İsrail hökumətinin Qəzzada müharibə qərarına təsir edəcəyini söyləmək çətindir. 1980-ci illərin sonlarından Fələstinin müstəqilliyini 140-a yaxın dövlət tanıyıb, ancaq bu tanınma Tel-Əvivin siyasətini dəyişməyib”.
Medianews.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahu xarici təzyiqdən çəkinmir. Politoloqun qənaətincə, yəhudi hökumət başçısına əsas təzyiq ölkənin içindəndir: “İsrailin müdafiə naziri Yoav Qallant Benyamin Netanyahu ilə fikir ayrılığı içərisindədir. Müdafiə naziri baş naziri Qəzza ilə bağlı gələcək planının olmamasında ittiham edib. Müdafiə nazirinin məntiqi anlaşılandır. Benyamin Netanyahunun konkret planı yoxdur. Tutaq ki, Qəzza tam nəzarətə götürüldü, bəs sonra, fələstinlilər harada yaşayacaqlar, təhlükəsizlik məsələləri necə həll olunacaq? Məsələ burasındadır ki, İsrail ordusu əbədi olaraq Qəzzada qala bilməz. Bu, həm böyük maliyyə, həm də İsrailə daimi təzyiq deməkdir”.
E.Şahinoğlu deyib ki, Qəzzanın gələcəyi ilə bağlı iki təklif mövcuddur: “Birinci təklif bundan ibarətdir ki, Qəzza HƏMAS-ın rəqibi – Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin idarəetməsinə verilsin. Tel-Əviv bu təklifə o şərtlə razılaşa bilər ki, Fələstin Azadlıq Təşkilatı Qəzzada HƏMAS-ın varlığına imkan verməsin. Ancaq bu təminatı kimsə vermək iqtidarında deyil. Vaxtilə HƏMAS silah yolu ilə Fələstin Azadlıq Təşkilatını Qəzzadan uzaqlaşdırmağa müvəffəq olub. HƏMAS bunu yenə təkrarlaya bilər. İkinci təklifi Ərəb Liqası irəli sürüb və bu təklifə görə, Qəzzada BMT bayrağı altında sülhməramlı qüvvələr yerləşdirilməlidir. Ancaq bu təklifin də mexanizmi tam bəlli deyil. Tutaq ki, BMT qüvvələri bölgədə yerləşdirildi, idarəetmə kimin səlahiyyətində olacaq?”
Politoloq vurğulayıb ki, Qəzzanın gələcəyi ilə bağlı suallar cavabsız qalıb: “İsrailin yeganə alternativi məsələnin köklü həllinə razılaşmaq, Fələstinin müstəqilliyini tanımaqdır. Aydındır ki, qatı mühafizəkar siyasətçi olan Benyamin Netanyahu buna razılaşmayacaq. Ümid İsraili idarə edəcək gələcək liderlərədir. İsrail Fələstinin müstəqilliyini tanımadan təhlükəsizlik məsələlərini həll edə bilməyəcək və Tel-Əvivin müxtəlif dövlətlərlə münasibətləri normallaşmayacaq”.
Vüqar MƏMMƏDOV