Fransa mayın 10 və 11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun keçirilməsini alqışlayır. Bu barədə Fransa Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, Fransa 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, bu proses üçün əsas kimi 1991-ci il Almatı bəyannaməsinə, tərəflərin ərazi bütövlüyünün qarşılıqlı tanınmasına bağlı olduqlarını təsdiqləmələrinin vacibliyini vurğulayır. XİN bu kontekstdə 19 aprel 2024-cü il tarixli razılaşdırılmış prinsiplər əsasında və yerlərdə aparılan ilk demarkasiya işlərinin davamı olaraq prosesi, eyni zamanda, iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə müzakirələri davam etdirməyə çağırır: “Biz Qazaxıstan hakimiyyətinin bu danışıqların aparılmasına yardım etmək təşəbbüsünü alqışlayırıq. Fransa beynəlxalq hüquqa uyğun olaraq Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olması üçün öz tərəfdaşları ilə birgə fəaliyyətini davam etdirəcək”.
Maraqlıdır, Fransa həqiqətən də Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasını arzulayırmı?
Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Natiq Miri bildirib ki, burada əsas Ermənistanın mövqeyidir.
Politoloqun qənaətincə, əgər rəsmi İrəvan ikitərəfli qaydada danışığı əsas götürürsə, Fransanın Ermənistanın bu qərarına qarşı çıxmaq kimi bir seçimi yoxdur: “Bu, beynəlxalq hüquqdan irəli gələn məcburi bir davranışdır. Lakin bir məsələ də var: diqqət edirsinizsə, bunun Azərbaycan-Ermənistan sərhədləri kontekstində həyata keçirilməsi istənilir. Azərbaycanın mövqeyini təmin etməyən mövzu məhz bundadır. Maraqlıdır ki, bu, təkcə Fransanın mövqeyi deyil, Ermənistanı dəstəkləyən bütün Qərb havadarlarının düşüncəsi də bu istiqamətdədir. Hər biri Almatı bəyannaməsini əsas götürərək, bundan sonra delimitasiya prosesinin qeyd edilən prinsip əsasında reallaşmasını istəyir. Amma hazırkı mövqelər tamamilə bunun əksini iddia edir. Əvvəla Almatı bəyannaməsində iki ölkə arasında inzibati sərhəd birmənalı göstərilməyib. Paralel olaraq, bununla bağlı hüquqi xəritə də yoxdur”.
N.Miri Fransanın mövcud tələb və istəklərinin beynəlxalq hüquqa uyğun olmadığını da diqqətə çatdırıb: “Ermənistan dövləti bu bəyannaməni pozaraq Azərbaycanın 20 faiz torpağını işğal edib. Sözügedən işğaldan sonra sərhəd anlayışı mövcud deyil. Hətta SSRİ dönəmində mövcud olan inzibati sərhədlər belə yoxdur. Əgər bu, var idisə o zaman hazırda Azərbaycan və Ermənistan hansı sərhədlərin delimitasiyasını aparırlar? Sərhədlərin yenidən qurulmasından söhbət gedir. Hansı coğrafiyada ərazinin relyefi uyğundursa, hər iki ölkənin maraqları kontekstindədirsə, bunları sürətlə müəyyən etmək olar”.
Politoloqun sözlərinə görə, hazırda bir sıra düyün nöqtəsi olan məsələlər var: “Fransanın bu cür iddiası hesab edirəm ki, sadəcə beynəlxalq hüququ müdafiə etmək deyil, əksinə birtərəfli qaydada Ermənistanı müdafiə etməkdir. Məsələni bu kontekstdə dəyərləndirmək lazımdır. Hiylə bundan ibarətdir ki, Fransa tərəfi bir tərəfdən alqışlayır, digər tərəfdən konkret tələb irəli sürür. Bu isə Azərbaycanın maraqlarına ziddir”.
Ayşən RƏHİM