Məlum olduğu kimi, ABŞ Prezidenti Cozef Bayden “TikTok”-u ABŞ-da qadağan edə biləcək qanun layihəsininə imza atıb.
“TikTok”un sahibi olan “ByteDance” şirkətinə tətbiqdən imtina etmək üçün doqquz ay vaxt verilib, əks halda tətbiq ABŞ-da bloklanacaq.
“TikTok” qanuna görə məhkəmədə etiraz edəcəyini bildirib.
Həmçinin, bildirilir ki, “TikTok”-un qadağası ABŞ Prezidenti Co Baydeni seçki kampaniyasında uduzdura bilər.
Co Baydenin bu qanunu imzalamasının gənc seçicilərin Donald Trampı dəstəkləməsinə səbəb ola biləcəyi proqnozlaşdırılır.
Finlandiya parlamentinin üzvü Hanna Kosonen də Çin hökumətinin casusluğunu əsas gətirərək “TikTok” sosial şəbəkəsinin tam qadağan edilməsi məsələsini qaldırıb.
Bu barədə Kosonen artıq hökumətə müraciət edib.
Qeyd edilib ki, Çinin nəzarətində olan şirkət tərəfindən yaradılan “TikTok” casusluq, gənclərin sağlamlığı və ictimai asayiş baxımından təhlükəlidir. Qərb rəsmiləri təsdiqlənmiş casusluq hallarına istinad edərək “TikTok”-un iş telefonlarına endirilməsini qadağan edib.
“TikTok”-un ABŞ-dan sonra dünyanın aparıcı ölkələri, xüsusən də Qərb ölkələri tərəfindən qadağan edilməsi gündəmin əsas mövzusuna çevrilib.
Maraqlıdır, “TikTok” Azərbaycanda qadağan edilə bilərmi?
Bununla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Hikmət Babaoğlu Referans.az-a danışıb.
Deputat bildirib ki, hazırda həm milli təhlükəsizlik, həm də qlobal təhlükəsizliyi təhdid edən vasitələrdən biri informasiya təhlükəsizliyidir:
“Çox maraqlıdır ki, bu informasiya resursları həm də bəzən birbaşa deyil, dolaylı vasitələrlə insan şüuruna, kütləvi rəyin formalaşmasına təsir göstərir. Beləliklə, milli informasiya məkanında nüfuz sahibi olmaqla bərabər, sadəcə informasiya və əyləncə resursu olmaqdan çıxaraq, birbaşa kütləvi-ictimai rəyin formalaşmasına təsir göstərir. Bəzən milli maraqlar baxımından mövcud ölkənin tələbləri ilə uzlaşmır. Məsələ belədir ki, əgər “TikTok” nə qədər təhlükəlidirsə, Amerika Birləşmiş Ştatlarında hesab edildiyi kimi, deməli bir o qədər də “Instagram”, “Facebook” və s. təhlükəlidir. Ola bilməz ki, bənzər funksya həyata keçirən resurslardan biri təhlükəli olsun, digəri təhlükəsiz. ABŞ digər resursları idarə etdiyinə görə bunlarla bağlı tədbir görmür. Çünki bənzər funksyanı həyata keçirən resurslar ona aiddir. Amma, nədənsə “Tiktok”-u qadağan edir. Hesab edir ki, “TikTok”-un ABŞ-da 170 milyon istifadəçisi var və onlar Amerikanın nəzarətindən kənarda hansısa mənfi-kütləvi rəy formalaşdıra bilər”.
Deputat qeyd edir ki, Amerikanın məntiqi ilə düşünsək, bu ölkəyə məxsus resurslar, “Instagram”, “YouTube”, “Facebook” kimi sosial platformalarla bağlı da eyni qərar tətbiq olunmalıdır:
“Nəticə etibarilə, bunlar doğurdan da təhdid yaradır. Ona görə ki, internet resursları həm siyasi şüur üzərində, həm kütləvi rəy üzərində hakimiyyət qurmaqla milli hakimiyyətə paralel hakimiyyət yaradır. Bu zaman da hər şey mürəkkəbləşir, çətinləşir. Bəzən kütləvi rəy milli maraqların əleyhinə yönləndirilir”.
Parlament üzvü hesab edir ki, bununla bağlı Azərbaycanda qanunlar qəbul edilməlidir:
“Önümüzdəki mərhələdə bənzər təcrübələr olacaq. Azərbaycan da bu prosesdə öz milli maraqlarını qorumaqçün oxşar addımlar ata bilər. Çünki informasiya təhlükəsizliyi Azərbaycan Prezidentinin dediyi kimi, milli təhlükəsizliyimizin ən vacib komponentlərindən biridir”.